XRİSOELEFANTİN HEYKƏLTƏRAŞLIĞI (yun. χρυσός – qızıl vә έλεφάντινον – fil sümüyü) – qızıl vә fil sümüyündәn istifadә etmәklә heykәltәraşlıq texnikası. İstәr kiçik, istәrsә dә monumental olsun, әvvәlcә heykәlin ağac karkası düzәldilir, sonra ona insan bәdәninin hissәlәrini tәsvir edәn fil sümüyündәn hazırlanmış lövhәlәr yapışdırılırdı. Heykәlin paltarı vә saçları isә qızıldan düzәldilirdi, hәmçinin qiymәtli daşlar vә şüşәdәn istifadә olunurdu. X.h. antik Aralıq dәnizi ölkәlәri incәsәnәti üçün sәciyyәvi idi; әn erkәn abidәlәri e.ә. 2 әsrә aid edilir, qәdim yunan incә sәnәtinin arxaika vә klassika dövründә yüksәk inkişaf mәrhәlәsinә çatmışdı. Leoxar, Kalamid, Poliklet bu texnikada işlәmişlәr. Olimpdә Zevsin vә Parfenon üçün Afina Parfenosun heykәllәrini yaratmış Fidi dövrün mәşhur sәnәtkarı olmuşdur. X.h. abidәlәri ayrı-ayrı fraqmentlәrdә saxlanılmışdır (Apollon heykәlinin başı, e.ә. 6 әsr, Arxeologiya muzeyi, Delfa). Dekorativ-tәtbiqi sәnәtdә X.h. modern üslubunda yenidәn meydana çıxmışdır.

Xrisoelefantin heykәltәraşlığı. Afina Parfenosun heykәlinin
peproduksiyası. Sentennial park. Neşvill (Tennessi şt., ABŞ).










