XRİSTİAN SOSİALİZMİ – sosialist ideyalarını xristian dini tәlimi ilә birlәşdirәn sosial-etik doktrina. 19 әsrin 1-ci yarısında әhalinin xeyli hissәsinin sәfalәtinә sәbәb olan sәnaye inqilabının sosial nәticәlәrinin tam üzә çıxdığı bir şәraitdә meydana gәlmişdir. Katolik vә protestant ölkәlәrindә, demәk olar, eyni vaxtda yaranan X.s.-nin ilk tәrәfdarları Avropada geniş yayılmış sosial hәmrәylik vә subsidiarlıq ideyalarına aludә idilәr. Xristianlığı özünün yaratdığı tәlimlә (“Yeni xristianlıq” әsәrindә) әvәzlәmәyә çalışan Sen-Simon X.s.-nin banisi hesab edilmәsә dә, sosializm ideyasının inkişafına әhәmiyyәtli tәsir göstәrmişdir. Erkәn sosialistlәr müasir cәmiyyәtin tәnqidi vә bәrabәrliyin, sosial әdalәtin tәbliği zamanı çox vaxt İncildәki, elәcә dә son antik dövrün, orta әsrlәr xristian mütәfәkkirlәrinin tә limlәrindәki etik normalara müraciәt edirdilәr (ilk növbәdә, Qurtuluşu fәrdi deyil, ümumi iş hesab edәn Avqustinә vә var-dövlәtә canatmanı pislәyәn Foma Akvinalıya). İnsan әmәyinin digәr insanlar tәrәfindәn mәnimsәnilmәsini pislәyәn, sosial ziddiyyәtlәrdәn çıxış yolunu xristianlığın mәnәvi-ruhani dәyәrlәrinә әsaslanmaqda görәn abbat F.R. de Lamenne Fransada X.s.-nin ilk tәrәfdarlarından biri olmuşdur. Siyasi vә fәlsәfi lüğәtә “sosializm” anlayışını daxil etmiş P.Leru X.s.-nin әn görkәmli mütәfәkkirlәrindәn hesab edilir. Leru insanların hәyatındakı kollektivizm prinsiplәrini fәrdiyyәtçilik prinsiplәrinә qarşı qoyur vә İncilә sosial әdalәtә nail olmağın güclü vasitәsi kimi baxırdı. Sosial harmoniyanın hәyata keçirilmәsini Allah müdrikliyinin inikası hesab edәn tanınmış fransız iqtisadçısı F.Bastia X.s.-ndәn tәsirlәnmişdir. B.Britaniyada X.s.-nin meydana gәlmәsi anqlikan kilsә xadimlәri F.D.Morris vә Ç.Kinqslinin, sonralar isә incәsәnәt nәzәriyyәçisi C.Röskinin adı ilә bağlıdır. Onlar işçini maşının yardımçı әlavәsinә çevirmiş müasir cәmiyyәti tәnqid edir, xristian humanizmi ruhunda islahatlar keçirmәyә çağırırdılar. X.s. digәr Avropa dövlәtlәrindәn Almaniya vә İtaliyada yayıldı, onun ideyaları Amerikaya da keçdi.
19 әsrin sonlarında Roma papası XIII Lev “işçi mәsәlәsi”nә diqqәti yönәldәn, dindarları, kapitalistlәri vә proletarları kilsә әtrafında birliyә çağıran, sosialistlәrin fәaliyyәti әleyhinә olan “Rerum novarum” ensiklikası ilә çıxış etdikdәn sonra X.s.-nin inkişafında yeni istiqamәt yarandı. Bu istiqamәt siyasi praktikada xristian kilsәlәrinin sosial doktrinasında yer aldı, islahatçı mövqelәrdә duran sosial-xristian, xristian-demokrat partiyalarının meydana çıxması ilә nәticәlәndi. 2-ci dünya müharibәsindәn sonrakı dövrdә belә partiyaların çoxu X.s. termini vә anlayışından imtina etmәklә sosialist ölkәlәrindә tәşәkkül tapan nәzәriyyә vә praktikalarla tәmәl fikir ayrılıqları olduğunu göstәrdi. Hәyat şәraitinin yaxşılaşdırılması vә sosial bәrabәrsizliyin yumşaldılması sәylәrinin zәruriliyini vurğulayan II Vatikan mәclisindәn sonra sosial mәsәlәlәr katoliklәrin intellektual vә mәnәvi-ruhani ünsiyyәtinin tәrkib hissәsinә çevrildi. 20 әsrin 2-ci yarısında Latın Amerikasında daha geniş yayılan vә qurtuluş teologiyası adıyla tanınan X.s.-nin növlәrindәn biri radikal sәciyyә kәsb etdi (onun tәrәfdarları nәinki sinfi mübarizәni, eyni zamanda milli vә sosial qurtuluş uğrunda inqilabi mübarizә üsullarının mümkünlüyünü dә qәbul edirdilәr).










