XRİZOLİT (yun.– χρυσός – qızıl + λίθος – daş) – mineral. Yaşıl olivinin şәffaf növü, (Mg,Fe)2[SiO4]. Qısa sütunvarı prizmatik kristallar әmәlә gәtirir. Kövrәkdir. Yaxşı cilananır. Az tapılır. Sәrtliyi 6,5–7; sıxlığı 3200–3600. Bazaltlarda, ultraәsasi maqmatik süxurlarda, bәzi meteoritlәrdә, hәmçinin sәpintilәrdә rast gәlinir. Qiymәtli daşdır. Ən mәşhur iri kristalları Qırmızı dәnizdә Zeberhed (Zәbәrcәd) a.-ndadır (MƏR). Myanma, ABŞ, CAR vә RF-dә (Yakutiyada, Krasnoyarsk diyarında) dә var. Müsәlman Şәrqindә X. “zәbәrcәd” adlanır.

Xrizolit.










