XROM QARIŞIĞI – kalium-dixromatın (kalium xrompik) K2Cr2O7 (kütlәcә 5%) qatı sulfat turşusu ilә qarışığı. Qüvvәtli oksidlәşdiricidir. Kimyәvi şüşә qabları vә avadanlıqları yumaq, yağlardan tәmizlәmәk üçün istifadә olunur. X.q. parafin, mum, neftin qovulma mәhsulları vә barium duzları ilә çirklәnmiş qabları yumaq üçün istifadә edilmir. Çox tәmiz maddәlәrlә işlәyәn zaman X.q. ilә tәmizlәnmiş qab vә avadanlıqdan istifadә edilmir, çünki şüşә tәrәfindәn adsorbsiya olunmuş xromatların izlәri bu maddәlәri çirklәndirә bilәr. X.q. yeyici vә tәhlükәli mayedir, bitki vә canlı toxumaları, paltarı, ayaqqabını dağıdır; buna görә X.q. ilә işlәyәndә ehtiyatlı olmaq lazımdır.










