XROMATÓQRAF – xromatoqrafiya prosesinin aparılması üçün cihaz; maddә qarışıqlarının keyfiyyәt vә miqdarı analizi, qarışıqlardan tәmiz komponentlәrin, yaxud darfraksiyaların ayrılması, hәmçinin fizikikimyәvi tәdqiqatlar üçün tәtbiq edilir. 1950-ci illәrin ortasından seriyalı istehsal olunmuşdur (1955 ildә fraktometr 154, ABŞ; 1958 ildә XT-2 vә XT-2M, SSRİ); 2016 ilin әvvәlinәdәk bir neçә mln. cihaz buraxılmışdır. Analitik laboratoriyalarda tәtbiq olunma tezliyinә görә X. pH-metr vә tәrәzilәrdәn sonra 3-cü yerdәdir. X.-dan istifadә etmәklә molekulların, makro molekulların (sintetik polimerlәr vә biopolimerlәr), ionların (kationlar vә anionlar) qarışıqlarını ayırır vә tәyin edirlәr. Laboratoriya vә sәnayedә işlәdilәn, o cümlәdәn avtomatik, partlayışdan mühafizәli, portativ, fәrdi, xüsusi (mәs., kosmik tәdqiqatlar üçün) X. növlәrinә ayrılır.
X.-da analiz edilәn nümunәnin komponentlәri әvvәlcәdәn xromatoqrafik sütunda ayrılır, sonradan detektorlar vasitәsilә qeyd edilir. X. universal qurğudur; eyni bir cihaz da sütunları vә detektoru dәyişmәklә yüzlәrlә vә minlәrlә müxtәlif qarışığı analiz etmәk mümkündür. Müasir X. sütunları bütün növ izomerlәr daxil olmaqla istәnilәn mürәkkәb qarışıqları ayırmağa imkan verir. X. üçün onlarla müxtәlif detektorlar işlәnib hazırlanmışdır; әn geniş yayılanı kütlә spektrometr X.-ıdır.
X.-dan kimya, neft-kimya, yeyinti, әczaçılıq vә s. sәnaye sahәlәrindә mәhsulun keyfiyyәtini qiymәtlәndirmәk mәqsәdilә, hәmçinin istehsal proseslәrinә, әtraf mühitin çirklәndiricilәrinә (pestisidlәr, mikotoksinlәr vә s.), qida mәhsulları vә içkilәrә nәzarәt üçün vә s. istifadә olunur. X. mәhkәmә tibbindә (narkotiklәrin vә dәrmanların tәyinindә), kriminalistikada (partladıcı maddәlәrin tәyinindә) әsas cihazdır. İdmançıların dopinq-nәzarәti, әsasәn, xromato kütlә-spektrometrlә aparılır.










