XROMOSOM YENİDƏNQU RULMALARI (xromosom aberrasiyaları) – mutasiyanın tipi; xromosomların quruluşunda dәyişikliklә xarakterizә olunur. X.y.-nın әsasında xromosomların spontan vә ya mutagenlәrlә induksiyalanmış parçalanması vә nәticәdә әmәlә gәlmiş xromosom fraqmentlәrinin sonradan ilkin quruluşdan tamamilә fәrqli şәkildә birlәşmәsi dayanır. Hazırda DNT-nin ikizәncirli parçalanmalarla reparasiyası ümumi qәbul olunmuşdur. Xromosomdaxili yenidәnqurulmalar – delesiyalar, çatışmazlıqlar (sonuncu xromosom çatışmamazlığı), duplikasiyalar, inversiyalar, transpozisiyalar zamanı bir xromosoma vә ya iki homoloji xromosoma aid qırılmalar baş verir. Belә aberrasiyalar genetik materialın miqdarının dәyişmәsinә gәtirib çıxara vә ya genlәrin balansını dәyişdirmәdәn yalnız onların lokalizasiyasını dәyişә bilәr. Xromosomlararası yenidәnqurulmalar zamanı qırılmalar iki vә daha artıq qeyri-homoloji xromosomlarda baş verir. Onlar arasında fraqment mübadilәsi genlәrin lokalizasiyasının dәyişmәsinә, yeni ilişmә qruplarının yaranmasına gәtirib çıxarır. Qeyri-homoloji xromosomların “qovuşması” (Robertson translokasiyası), normal “çubuqşәkilli” xromosomlardan halqavari xromosomların yaranması vә s. X.y.-nın xüsusi tiplәridir. X.y.-nın çoxu orqanizmin morfoloji әlamәtlәrini dәyişdirә, ona mәnfi tәsir göstәrә bilәr (bax Xromosom xәstәliklәri). Lakin bәzi X.y. populyasiya vә ya növlәr üçün әlverişli olub, adaptasiya vә tәkamül nöqteyi-nәzәrindәn әhәmiyyәt kәsb edә bilәr. Belә ki, ayrı-ayrı genlәrin duplikasiyası orqanizm üçün vacib olan molekulların yüksәksәviyyәli sintezini tәmin edir, bu molekulların funksiyalarının reallaşması nәticәsindә “davamlılıq ehtiyatı” yaradır. Mәs., eukariotlarda çoxsaylı duplikasiyaya uğramış genlәr ribosom vә nәqliyyat RNT-lәrinin, histonların, tubulinlәrin, aktinin vә s. strukturunu nәzarәtdә saxlayan genlәrdir. Genlәrin duplikasiyası yeni genlәrin vә y a l a n ç ı g e n l ә r i n meydana gәlmәsinә gәtirib çıxara bilәr: i z o f e r m e n t l ә r i n strukturuna nәzarәt edәn vә oxşar amin turşusu ardıcıllığına malik müxtәlif zülalları (hemoqlobin subvahidlәri, immunoqlobulin subvahidlәrinin dәyişkәn hissәlәri, müxtәlif immunoqlobulin siniflәrindә ağır zәncirlәrin sabit hissәlәri, müxtәlif tip histonlar) kodlaşdıran genlәr ailәlәri mövcuddur. Robert son translokasiyalarının nәticәsi oxşar genetik materiala malik yaxın heyvan növlәrinin kariotiplәrindә fәrqin (fәrqli xromosom saylarının) әmәlә gәlmәsi olur: keçilәrdә, bizonlarda vә inәklәrdә (n = 30), qoyunlarda vә qırmızı camışlarda (n = 27), müşk öküzündә (n = 24). X.y.-ndan genetik analizdә müxtәlif mәqsәdlәr üçün istifadә olunur (mәs., normal genlәrin mutant allellәrinin xәritәlәşdirilmәsi üçün). Hüceyrә kulturasında öyrәnilәn amilin tәsiri altında X.y.-nın tezliyinin analizi onun gentoksikoloji tәsirini (mutagenliyini) tez qiymәtlәn dirmәyә imkan verir. X.y.-nı bir qayda olaraq sitoloji yolla aşkarlayıb analiz edirlәr, onların tәdqiqi üçün genetik üsullar mövcuddur. Bax hәmçinin Mutasiya mәqalәsinә.










