XROMOSOMLAR (хромо... + yun. σῶμα – cisim) – hüceyrә orqanellәri, genetik mәlumat daşıyıcıları; hüceyrәlәrin vә orqanizmlәrin irsi xüsusiyyәtlәrini müәyyәn edirlәr. X.-ın hәr biri xәtti yerlәşmiş ilişikli genlәr qrupundan ibarәtdir, replikasiya vasitәsilә özünütörәtmәyә vә transkripsiya vasitәsilә genlәrin ekspersiyasına qadirdir, bir neçә nәsildә qorunub saxlanan özünәmәxsus struktur vә funksional fәrdiliyә malikdir. “X.” termini 1883 ildә alman anatom vә histoloqu V.Valdeyer tәrәfindәn hüceyrә nüvәsindә tapılmış sәrt cisimlәri adlandırmaq üçün tәklif edilmişdir. Müasir әdәbiyyatda “X.” termini ilә eyni zamanda, eukariotların sitoplazmatik orqanellәrinin – sitoplazmatik irsiyyәti (orqanel irsiyyәtini) müәyyәn edәn mitoxondri vә plastidlәrin genetik aparatını, hәmçinin prokariot vә virusların genetik strukturunu ifadә edirlәr. Bütün bu törәmәlәr üçün ümumi olan cәhәt DNT-nin (bәzi viruslarda – RNT-nin) mövcudluğudur. Fәrqlәr DNT-nin yığılmasındakı mürәkkәblik dәrәcәsi, genlәrin ekspresiyasının tәnzimlәnmә şәrtlәri vә prokariatların genetik quruluşunun sitoplazmadan nüvә pәrdәsi ilә ayrılmayan halqa şәkilli ikizәncirli DNT molekulunun olması ilә bağlıdır (mitoxondri vә plastidlәrin X.-ı prokariotların X.-ına oxşardır). Hәr bir nüvә X.-u nukleoprotein zәncirlәrindәn (bax Xromatin) tәşkil olunmuş xәtti iki zәncirli bir böyük DNT molekuluna malikdir vә unikal genlәr yığımını daşıyır.
X. fәaliyyәt göstәrәn zaman DNT molekulunun yığım sıxlığında dәyişiklik baş verdiyindәn onlarda struktur-morfoloji cәhәtdәn yenidәnqurulma baş verir. X.-ın hәr biri bir-birinә sentromerlә möhkәm bağlanmış oxşar sapşәkilli xromatidlәrdәn ibarәtdir. Sentromer X.-ı çiyinlәrinin uz.-na görә bәrabәr vә ya qeyri-bәrabәr (müvafiq olaraq bәrabәrçiyinli vә qeyri-bәrabәrçiyinli X.) iki hissәyә bölür. X.-ın uc sahәlәri telomerlәr adlanır. X.-ın uz. müxtәlif hüceyrәlәrdә 0,2-dәn 50 mkm-әdәk, diametrlәri 0,2-dәn 2 mkm arasında dәyişir. Bitkilәrdәn zanbaqlar fәsilәsinin nümayәndәlәrindә, heyvanlardan isә bәzi suda-quruda yaşayanlarda nisbәtәn iri X.-a tәsadüf olunur. İnsanın әksәr X.-ının uz. 2–6 mkm-dir. Çoxhüceyrәli orqanizmlәrin inkişafı prosesindә X. özünәmәxsus forma ala bilәr vә bәzi hallarda mәs. “lampa fırçası tipli politen X.” kimi spesifik adla adlandırılır. Hәr bir növ orqanizmin hüceyrәsinin hәr birindә hәmin növün tәkamülündә tәsbit edilmiş sәciyyәvi vә sabit xromosom dәsti (bax Kariotip) var, onun dәyişilmәsi isә mutasiya (bax Aneuplodiya, Poliplodiya, Xromosom yenidәnqurulmaları) nәticәsindә baş verir. Əksәr müxtәlifcinsli orqanizmlәrin hüceyrәlәrinin xromosom dәstindә, bir qayda olaraq, müxtәlif cinslәrdә özlәrinin morfoloji әlamәtlәrinә görә fәrqlәnәn cinsiyyәt xromosomları cütü dә olur; qalan X. autosom adlanır. Mәmәlilәrin cinsiyyәt X.-ında orqanizmin cinsiyyәtini vә bәzi başqa әlamәtlәri (cinsiyyәtlә ili şikli adlanan) müәyyәn edәn genlәr lokallaşmışdır. Meyoz nәticәsindә diploid X.-dan yaranan yetkin cinsiyyәt hüceyrәlәrinin xromosom dәstindә hәr bir xromosomdan bir dәnә olur. Belә tәk (qeyri-homoloji) X. dәsti әsas vә ya haploid (“n” hәrfi ilә ifadә edilir) adlandırılır. Diploid orqanizmlәrin kariotipindә X.-ın hәr biri cütdür: mayalanma zamanı cinsiyyәt hüceyrәlәrin nüvәlәrinin qovuşması nәticәsindә onlardan biri atadan, digәri isә anadan alınır. Belә X. homoloji (cüt), X. dәsti isә diploid (2n) adlanır. Müxtәlif növ orqanizmlәrdә xromosom dәstindә X.-ın sayı 1-dәn bir neçә yüzәdәk dәyişir, çox vaxt 5 – 30 olur. Belә ki, ataskaridindә xramosom dәsti 2 X., drozofil milçәyindә – 8, pişiklәrdә – 38, itlәrdә –78, qarğıdalıda – 20, kartofda – 48, yumşaq buğdada – 42, Netrium digitalis yosununda – 1200-dür. X.-ın sayının sabitliyi hüceyrә nәsillәrindә mitoz, cinsi nәsillәrdә isә meyoz vasitәsi ilә әldә edilir. İnsanın normal kariotipindә 22 cüt autosom vә bir cüt cinsiyyәt X.-ı (kişilәrdә XY vә qadınlarda XX) olur. Mutasiya nәticәsindә X.-ın sayında kәnaraçıxma vә strukturlarında pozulmalar xromosom xәstәliklәrinә (o cümlәdәn Dayn vә Klaynfelter sindromları) gәtirib çıxarır.
20-ci әsrin ikinci yarısında X.-ın quruluşunun molekulyar әsasının anlaşılması sahәsindә әldә edilmiş nailiyyәtlәrin, onların strukturları haqqında tәsәvvürlәri kifayәt qәdәr inkişaf etdirdiyinә, replikasiya vә transkripsiyanın gedişi zamanı X.-ın davranışını öyrәnmәyә imkan verdiyinә vә irsiyyәtin xromosom nәzәriyyәsinin әsas müddәalarını tәsdiq etdiyinә baxmayaraq, onların struktur vә funksional tәşkili sona qәdәr öyrәnilmәmişdir.
Əd.: К и к н а д з е И.И. Функциональная организация хромосом. Л., 1972; Б о с т о к К., С а м н е р Э. Хромосома эукариотической клетки. М., 1981;
B r a d b u r y E., M a c l e a n N., M a t t h e w s H. DNA, chromatin and chromosomes. N.Y.; Oxf., 1981; Молекулярная биология клетки. М., 2013.T.2.










