XU SZİNTAO (d. 25.12.1942, Taysyan, Szyansu, indiki Tayçjou) – Çin dövlәt vә siyasi xadimi. 1959–64 illәrdә Pekindә Sinxua
Un-tinin hidrotexnika fakültәsindә tәhsil almışdır. Un-t illәrindә Çin Kommunist Partiyasının (ÇKP) üzvü olmuşdur. 1965 ildәn
elmi işlә mәşğul olmuşdur. 1968 ildә “mәdәni inqlab” (1966–76) zamanı “burjua әsilli” olduğuna görә, Qansu әyalәtinә sürgün edilmiş, Lyutszyasya SES-in yanında yaşayış evlәrinin tikintisindә çalışmışdır. 1969 ildәn Su Tәsәrrüfatı Nazirliyindә, mühәndis vә partiya vәzifәlәrindә çalışmışdır. 1974 ildәn Qansu tikinti komitәsinin katibi; 1975 ildәn layihә-tәşkilat şöbәsinin müdir müavini olmuşdur.

1980 ildә Den Syaopin mühüm vәzifәlәrә gәnc nәslin nümayәndәlәrinin tәyin olunması proqramına başlayandan sonra, X.S. Qansu әyalәtinin birinci katibi Sun Pinin dәstәyinә arxalanaraq ÇKP MK nәzdindә Mәrkәzi Partiya Mәktәbinin kurslarını bitirmiş, 1982 ilin sentyabrında ÇKP MK üzvlüyünә namizәd, Qansu komsomol tәşkilatının katibi olmuşdur. Sun Pinin ardınca Pekinә göndәrilmişdir: 1982 ilin dekabrından Çin Kommunist Gәnclәr İttifaqı (KGİ) MK-nın katibi vәzifәsini tutmuş, Ümumçin Gәnclәr Cәmiyyәtinә başçılıq etmişdir. 1984 ildә KGİ MK-nın birinci katibi, 1985 ildә Quyçjou partiya komitәsinin katibi, 1987 ildәn ÇKP MK-nın üzvü, 1988 ildәn isә Tibet muxtar r-nu ÇKP-nin komitә katibi olmuşdur. Onun idarәçiliyi dövründә Lhasada 1959 il üsyanının 30 illiyinә hәsr olunmuş kütlәvi ixtişaşlar baş vermişdir. X.S.-nun әmrinә әsasәn Lhasaya silah tәtbiqi hüququ ilә qoşun yeridilmiş vә 1989 il martın 5–7-dә çıxışlar amansızcasına yatırılmışdır.
Tyanyanmın hadisәlәrindәn sonra X.S. Den Syaopinin fәaliyyәtini dәstәklәyәn ilk regional rәhbәrlәrdәn biri oldu. 1990 ilin yayında X.S.-ya Pekinә köçmәyә vә oradan Tibeti idarә etmәyә icazә verildi. 1992 ildә Den Syaopinin qәbul etdiyi ÇXR-dә hakimiyyәtin müntәzәm dәyişdirilmәsi sisteminin әsasının qoyulması qәrarından sonra, ÇKP MK-nın Siyasi bürosu Daimi komitәsinin üzvü vә Szyan Szeminin potensial davamçısı, 1993 ildә ÇKP-nin Mәrkәzi Partiya Mәktәbinin rektoru olmuşdur (2002 ilәdәk). 1998 ildәn ÇXR sәdrinin müavini, 1999 ildәn isә ÇKP-nin Mәrkәzi hәrbi şurasının vә ÇXR-in Mәrkәzi hәrbi şurasının sәdr müavini vәzifәsini tutmuşdur. 2002 ildә X.S.Szyan Szemini әvәz edәrәk ÇKP MK-nın baş katibi, 2003 ilin martında isә ÇXR-in sәdri olmuşdur. 2004 ildә Szyan Szemin tәrәfindәn X.S.-ya ÇKP-nin Mәrkәzi hәrbi şurasının (MHŞ) sәdri, 2005 ildә isә ÇXR MHŞ-nın sәdri vәzifәsi verilmişdir. X.S. daxili vә iqtisadi siyasәtdә Den Syaopinin vә Szyan Szemin vәsiyyәtlәrinә әmәl edirdi: sahibkarlıq tәşәbbüsünün dәstәklәnmәsi sosial hәyatın bütün sahәlәrinә sәrt nәzarәt, fikir ayrılığına qarşı mübarizә ilә müşayiәt olunurdu. 2012 ilin noyabrında (tarix әvvәlcәdәn müәyyәnlәşdirilmişdi) X.S. partiya vәzifәlәrini Si Szinpinә tәhvil verәrәk ÇKP MK-nın tәrkibindәn çıxmışdır; 2013 ilin martında ÇXR vә ÇXR MHŞ sәdri vәzifәsindәn istefa vermişdir.










