XUA QOFEN (16.2.1921, Şansi әyalәti, Szyaoçen – 20.8.2008, Pekin) – Çin dövlәt vә siyasi xadimi. 1936 ildәn yapon işğalçılarına qarşı müqavimәt hәrәkatının fәal iştirakçısı, 1938 ildәn Çin Kommunist Partiyasının (ÇKP) üzvü, öz qәzasında partizan dәstәlәrinin tәşkilatçısı idi. 1947 ildәn Yan qu (Şensi) qәzasının partiya komitәsinin katibi, 1954 ildәn Syantan r-nu partiya komitәsinin katibi olmuşdur. Kәndli kommunalarının tәşkilatçısı kimi tanınmışdır.
Xunanın qubernator müavini (1958 ildәn) olmuş, 1959 ildә “Böyük sıçrayış” siyasәtinin tәrәfdarı kimi çıxış etmiş, Çindә “mәdәni inqilabı” (1966–76) dәstәklәmişdir. 1969 ildәn ÇKP MK-nın üzvü, 1970 ildәn Xunan әyalәtinin faktiki başçısı (әyalәt inqilab komitәsinin başçısı, partiya komitәsinin 1-ci katibi), 1973 ildәn ÇKP MK Siyasi bürosunun üzvü, ictimai tәhlükәsizlik naziri, 1975 ildәn Dövlәt Şurası sәdrinin müavini, Dövlәt Şurası sәdri әvәzi, apreldәn sәdri, ÇKP MK sәdrinin 1-ci müavini olmuşdur. Hakimiyyәt uğrunda ifrat maoçularla Den Syaopinin başçılıq etdiyi “bazar” tәrәfdarları arasında mübarizәnin kәskinlәşdiyi şәraitdә X.Q.-in bәrabәr mәsafә saxlaması karyera yüksәlişinә әsas sәbәb idi. Maonun ölümündәn sonra, 1976 il oktyabrın 6-da X.Q. “dördlәr bandası”nın – Mao Szedunun әn yaxın silahdaşlarının hәbsinin әsas tәşәbbüskarı kimi çıxış etmiş, bundan sonra ÇKP MK-nın vә ÇKP MK Hәrbi Şurasının sәdri olmuşdur. X.Q.-in idarәçiliyi maoizmin siyasi vә iqtisadi eksperimentlәrinә son qoymuş, ÇXR-in beynәlxalq vәziyyәtini yaxşılaşdırmışdır. Baxmayaraq ki, X.Q. bütün mühüm vәzifәlәri öz әlindә cәmlәşdirmişdi, onun nüfuzu durmadan aşağı düşürdü. 1978 ilin dekabrında keçirilәn ÇKP MK-nın üçüncü plenumunda Den Syaopinin tәklif etdiyi islahatlar siyasәtinin başlanması rәsmәn elan edilmiş, X.Q.-in vasitәsilә vәzifәyә gәlmiş bir çoxları “dördlәr bandası” kimi tәnqid olunmuş vә istefaya göndәrilmişdilәr. 1980 ilin sentyabrında X.Q. baş nazir vәzifәsini Çjao Szıyana, 1981 ilin iyununda isә ÇKP MK vә Hәrbi Şura sәdri vәzifәlәrini müvafiq olaraq Xu Yaobana vә Den Syaopinә tәhvil vermişdir. X.Q. Maoya kor-koranә pәrәstişkarlığına görә kәskin tәnqid olunmuşdur. 2002 ilәdәk ÇKP MK-nın üzvü qalmışdır.










