XUNVEYBİNLƏR (Çin dilindә qırmızı keşikçilәr) – “mәdәni inqilab” (1966–76) zamanı Mao Tszedun tәrәfindәn siyasi әleyhdarlarına qarşı mübarizәdә istifadә edilәn, hәmçinin “inqilabın düşmәnlәrinә” qarşı kütlәvi terror hәyata keçirәn gәnclәrdәn ibarәt hücumçu dәstәlәrin üzvlәri.
1966 il mayın 25-dә Pekin Un-tinin fәlsәfә müәllimәsi Ne Yuantszının “burjua” un-t rәhbәrliyini sәrt tәnqid etmәsi vә gәnclәri revizionistlәrlә mübarizәdә birlәşmәyә çağırışı X. hәrәkatının başlanğıcı sayılır. Onun manifesti Mao Tszedunun әmrilә radio vasitәsilә oxundu, partiya mәtbuatında çap edildi. 1966 ilin iyulunda, demәk olar ki, bütün ali vә orta mәktәblәrdә X.-in dәstәlәri tәşkil olundu.
Avqustun 1-dә Pekindә Mao tәrәfdarlarının üstünlük qazandığı ÇKP MK-nın sәkkizinci tәrkibinin 11-ci plenumu keçirildi.
X. köhnә mәdәniyyәtin “dörd qalığını” lәğv etmәk vә yeni inqilabi dövlәt yaratmaq mәqsәdi daşıyan “böyük proletar mәdәni inqilabının şücaәtli tәşәbbüsçülәri” elan olundular. Avqustun 18-dә Tyanyanmın meydanında Mao Tszedun ilә görüşmәk üçün tәqr. 1 mln. X. toplandı. X.-in dәstәlәri Çinin müxtәlif şәhәrlәrinә göndәrildi (onlar pulsuz gedişlә tәmin olundular), hücumçular hәr yerdә mәdәniyyәt abidәlәrini (xüsusilә ÇXR-in qeyri-Çin regionlarında) dağıdır, tәhqir edirdilәr; yalnız bir neçә obyekt Çjou Enlayın әmri ilә ordu tәrәfindәn mühafizәyә alındı. “Burjuaçılıqda” vә “revizionistlikdә” ittiham edilәn alimlәr, yazıçılar, müәllimlәr tәqib vә fiziki tәzyiqlәrә, ölüm tәhdidlәrinә mәruz qalır, onların evlәri qarәt edilirdi; eyni aqibәt Maonun yaxın silahdaşları olmayan partiya mәmurlarını da gözlәyirdi. Avqustun 22-dәn etibarәn asayiş keşikçilәri orqanlarına X.-ә müqavimәt göstәrmәk qadağan edildi: onlar qanundan üstün hesab olunurdular. 1966 il avqustun sonu – sentyabrda X. tәrәfindәn tәkcә Pekindә 1700 nәfәr öldürüldü, çoxu tәhqirlәrә dözmәyәrәk intihar etdi. 1966 il oktyabrın әvvәlindә şәhәrlәrdәn “әks-inqilabçılar” kimi tanınan 400 minnәfәr qovuldu. Müxtәlif hesablamalara görә, X. hәrәkatına 40 mln.-dan 90 mln. nәfәrәdәk on üç yaşdan iyirmi yaşadәk insan cәlb olundu. X. Mao Tszeduna fanatikcәsinә sadiq idilәr. X.-in azğınlıqları, szyafonların vә partkomların özünümüdafiә dәstәlәri ilә toqquşmaları ölkәni xaosa sürüklәdi.
1967 ilin fevralından Çin Xalq Azadlıq Ordusunun bölmәlәri cәnub vә mәrkәzi vil.-lәrdә X.-in әn radikal dәstәlәrinin lәğvinә başladılar. 1967 il sentyabrın 5-dә orduya asayişi bәrpa etmәk әmri verildi; X. dәstәlәri ilә aparılan döyüşlәr tәqr. bir il davam etdi, sәrt tәdbirlәr bәzәn onların kütlәvi güllәlәnmәsi (Quansi) ilә müşayiәt olunurdu. 1968 ilin yayında Pekindә keçirilәn görüşdә Mao Tszedun X.-in liderlәrinә dәstәlәrin fәaliyyәtini dayandırmağı әmr etdi. Ən radikal X. güllәlәndi vә hәbsxa-nalara salındı, digәrlәri isә “islah olunmaq” üçün ÇXR-in kәndlәrinә vә uzaq әrazilәrinә göndәrildi. Hәrәkat rәsmәn 1978 ildә buraxıldı.

Xunveybinlәr Tyananmın meydanında. Pekin. 1967.
X. hәrәkatı kütlәvilik sәviyyәsi (demәk olar ki, bütün şәhәr gәnclәrini cәlb etmişdi) vә dövlәt tәrәfindәn hücumçulara verilәn sәlahiyyәtin hәddi baxımından misilsiz idi. Bir neçә ay әrzindә X. ölkәnin faktiki sahiblәrinә çevrilmiş, onların әli ilә Mao Tsze dun vә onun tәrәfdarları siyasi rәqiblәrindәn xilas olmuş, o cümlәdәn, saysızhe sabsız Çin ziyalısı mәhv edilmiş, Çindә yaşayan qeyri-Çin xalqların mәdәniyyәtinә ağır zәrbә vurulmuşdu.










