XÜSUSİ İCRAAT – qanunda qәti surәtdә müәyyәnlәşdirilmiş kateqoriyadan olan işlәrә mülki vә arbitraj prosesindә baxılmasının vә hәllinin xüsusi qaydası. X.i. çәrçivәsindә baxılan işlәrin ümumi әlamәti onlar üzrә mülki mübahisәnin vә, müvafiq olaraq, maraqlarını qarşılıqlı istisna edәn tәrәflәrin olmamasıdır. X.i. qaydasında ya hüquqi fakt tәsdiq edilir, ya vәtәndaşın hüquqi vәziyyәti (hüquqi statusu) müәyyәnlәşdirilir, ya da subyektiv hüquqlarda mövcud olan qeyri-müәyyәnlik digәr üsullarla aradan qaldırılır.
X.i. hüquqi institut kimi danılmaz hüquqların, faktların, vәziyyәtlәrin tәsdiq olunması zәrurәti ilә әlaqәdar meydana gәlir. Hәlә Roma hüququnda iddia mühakimә icraatı ilә yanaşı, mübahisәsiz mühakimә icraatı adını almış icraat növü olmuşdur vә orada, X.i.-da olduğu kimi, hüquqa, yaxud әşyaya iddiaetmә etiraz doğurmurdu. Bu vә ya digәr prosessual formalarda belә icraat 19 әsrdә Avropa ölkәlәrinin qanunvericiliyindә әksini tapdı.
Azәrb. Resp.-nın Mülki-prosessual mәcәllәsinә görә, mәhkәmә hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsi haqqında; şәxsin xәbәrsiz itkin düşmüş elan edilmәsi vә ya şәxsin ölmüş elan edilmәsi haqqında; şәxsin mәhdud fәaliyyәt qabiliyyәtli vә ya fәaliyyәt qabiliyyәtli olmayan elan edilmәsi haqqında; daşınar әşyanın sahibsiz hesab edilmәsi vә daşınmaz әşya üzrә dövlәt mülkiyyәti hüququnun tanınması haqqında; itirilmiş adsız qiymәtli kağızlar vә orderli qiymәtli kağızlar üzrә hüquqların bәrpa edilmәsi haqqında (çağırış icraatı); şәxsin psixiatriya stasionarına mәcburi yerlәşdirilmәsi haqqında; vәtәndaşlıq vәziyyәti aktlarının qeydiyyatının düzgün olmamasının müәyyәn edilmәsi haqqında; notariat hәrәkәtlәrindәn vә ya hәmin hәrәkәtlәrin aparılmasından imtinaya dair şikayәtlәr üzrә; övladlığa götürmә haqqında әrizәlәrә; şәxsin narkoloji-tibb müәssisәsinә mәcburi yerlәşdirilmәsi haqqında; mәişәt zorakılığından zәrәr çәkmiş şәxsә uzunmüddәtli mühafizә orderinin verilmәsi haqqında; vergi ödәyicisi olan fiziki şәxslәrin vә ya hüquqi şәxslәrin icra orqanının rәhbәrinin ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması haqqında; şәxsin Azәrb. Resp. vәtәndaşlığını itirmәsi haqqında işlәrә X.i. qaydasında baxır. Qanunla nәzәrdә tutulmuş hallarda X.i. qaydasında başqa işlәrә baxılması da nәzәrdә tutula bilәr. X.i. işlәri әrizәçilәr tәrәfindәn qaldırılır, әrizәçinin vә maraqlı şәxsin iştirakı ilә mәhkәmәdә baxılır. X.i. qaydasında işlәrә baxılarkәn mәhkәmәyә aid hüquq haqqında mübahisәnin olduğu müәyyәn edilәrsә, hakim әrizәnin baxılmamış saxlanılması haqqında qәrardad çıxarır vә maraqlı şәxslәrә onların ümumi әsaslarla iddia vermәk hüququnu izah edir (Azәrb. Resp.-nın MRM, maddә 306).










