XÜSUSİ İTTİHAM – yalnız zәrәr çәkmiş şәxsin şikayәti ilә başlanan vә zәrәr çәkmiş şәxs tәqsirlәndirilәn şәxslә barışdıqda (hökm çıxarılanadәk) xitam edilәn işlәr üzrә cinayәt tәqibi növü. İttihamı zәrәr çәkmiş şәxsin özü (yaxud onun qanuni nümayәndәsi) irәli sürdüyünә vә müdafiә etdiyinә görә ittiham xüsusi adlanır, mәhkәmәyә X.i. qaydasında şikayәt vermiş şәxs X.i. qaydasında şikayәtin öz icraatına qәbul edilmәsi vә ya mәhkәmә baxışına tәyin edilmәsi haqqında mәhkәmә qәrarı qәbul edildiyi andan xüsusi ittihamçı olur. X.i. qaydasında cinayәt tәqibi böhtan, tәhqir, müәlliflik hüquqularını vә ya әlaqәli hüquqları pozma, ixtiraçılıq vә patent hüquqlarını pozma cinayәtlәri üzrә hәyata keçirilir vә mәhkәmә müşavirә otağına gedәnәdәk zәrәr çәkmiş şәxs tәqsirlәndirilәn şәxslә barışdıqda ona xitam verilir. X.i. olan cinayәt işlәrindә zәrәr çәkmiş şәxs üzrlü sәbәb olmadan mәhkәmәyә gәlmәdikdә cinayәt işinә xitam verilir.










