XÜSUSİ RƏY – prosessual hüquqda hakimlәrin sәs çoxluğu ilә qәbul edilmiş mәhkәmә qәrarı ilә razılaşmayan hakimin şәxsi (xüsusi) rәyi. Cinayәt, mülki vә arbitraj mühakimә icraatında hökm, qәrar çıxarılarkәn öz xüsusi rәyindә qalmış hakim müşavirә otağında onu yazılı şәkildә ifadә etmәk hüququna malikdir. X.r. mülki iş üzrә qәrar qәbul edilәrkәn hәlli vacib bütün mәsәlәlәrә aid ola bilәr vә o, hakimlәrin müstәqilliyinin mühüm hüquqi tәminatıdır. X.r. mәhkәmә aktına әlavә edilir, lakin mәhkәmәnin iclas salonunda elan olunmur. İşә kassasiya, nәzarәt qaydasında baxılarkәn vә yuxarı mәhkәmә hakimlәri işin materialları ilә tanış olarkәn proses iştirakçıları X.r. ilә tanış olmaqda haqlıdırlar.
Xarici ölkәlәrdә bәzi ali mәhkәmәlәrdә qәrar bütün iştirakçı hakimlәr adından çıxarılır vә işin kollegial baxılmasında iştirak etmiş hakim X.r. hüququna malik deyil.










