İBARRÚRİ Qomes Dolores (9.12.1895, Biskayya әyalәti, Qalyarta – 12.11.1989, Madrid) – İspaniya vә beynәlxalq fәhlә vә kommunist hәrәkatı xadimi. “Xalqlar arasında sülhü möhkәmlәtmәyә görә” Beynәlxalq Lenin mükafatı laureatı (1964). Mәdәn fәhlәsi ailәsindәndir. Dәrzi işlәmişdir. 1917 ildә Somorrostro ş. sosialist tәşkilatına qoşulmuş, Pasionariya (Alovlu) tәxәllüsü ilә yazılar nәşr etdirmәyә başlamışdı. İspaniya Kommunist Partiyası (İKP) yarandıqdan sonra, 1920 ildә Biskayya vilayәt komitәsinin üzvü, bir sıra kommunist qәzetinin redaktoru olmuşdur. 1930 ildәn İKP MK-nın, 1932 ildәn Siyasi büronun (1960 ildәn İcraiyyә komitәsi) üzvü, 1931–33 illәrdә par-tiyanın mәtbuat orqanı “Mundo Obrero” qәzetinin redaktoru, 1932–42 illәrdә MK-nın katibi vәzifәsindә çalışmışdır. İspaniya inqilabı (1931–39) illәrindә respublikaçıların liderlәrindәn biri idi. Sağların hakimiyyәti zamanı (1933 ilin noyabrı –1936 ilin fevralı) 1934 ilin oktyabrında Asturiyada faşizm әleyhinә baş verәn silahlı üsyanda iştirak etmiş, 15 il hәbsә mәhkum olunmuş, lakin qaçmışdır. Sonralar da bir neçә dәfә hәbs edilmişdir. 1936 ildәn Asturiyadan korteslәrin deputatı, 1937–39 illәrdә korteslәrin sәdr müavini idi. 1939 ildәn mühacirәtdә olmuş, SSRİ-dә yaşamışdı. 1942–60 illәrdә İKP-nin baş katibi, 1960 ildәn Rәyasәt Heyәtinin sәdri seçilmişdi. 1945 ildә Beynәlxalq Demokrat Qadınlar Federasiyasının tәsisçilәrindәn biri idi. 1977 ildә İspaniyaya qayıtmış, korteslәrin deputatı olmuşdur.










