İBERLƏR (yun. Ἵβηρες, lat. Hiberi) – Cәnubi vә Şәrqi İspaniyanın qeyri hind-Avropa dillәrindә danışan (qonşu kelt vә keltiberlәrdәn fәrqli olaraq) qәdim әhalisi. Bәzәn İ. adı qәdim İspaniyanın bütün әhalisinә aid edilirdi. İ.-in mәnşәyi vә dili mәsәlәsi mübahisәlidir, bugünәdәk bir sıra alim hesab edir ki, İ. Şimali Afrikadan gәlmәlәrdir, onların dili isә bәrbәr dillәrinә yaxındır (bax Bәrbәr-Liviya dillәri). Bir müddәt Qalliyanın bir hissәsindә mәskunlaşan İ.-i oradan sıxışdırıb çıxardılar. E.ә. 1-ci minilliyin әvvәllәrindә İspaniyanın c.-unda Tartess dövlәti yarandı vә ehtimal ki, e.ә. 6 әsrdә süqut etdi. Tartesslәr İ.-lә qohum idilәr, lakin onların iber etnosunun bir hissәsi olması mübahisәlidir. Onların nәsillәri olan turdetanlar isә İ.-in bir hissәsidir. İ.-in mәskunlaşdığı әrazidә Finikiya, sonra isә yunan koloniyaları yarandı. Hәr ikisi İ.-in mәdәniyyәtinә böyük tәsir göstәrdi. Əsas İber tayfalarından (turdetanlardan başqa) olan turdullar, mastiyenlәr, oretanlar, edetanlar, ilergetlәr, lasetanlar vә b. qeyri-bәrabәr inkişaf edirdilәr. İ.-in mәskunlaşdığı әrazinin c.-q. hissәsindә Tartess dövlәtinin qalıqları uzun müddәt qalmaqda idi. Digәr әrazilәrdә e.ә. 4–3 әsrlәrdә c.-da Astapa, ş.-dә Saqunt vә s. şәhәr-dövlәtlәr yarandı. Roma işğalına qәdәr bәzi tayfaların erkәn dövlәti qurumları formalaşsa da, İ.-in әksәriyyәti üçün tayfa quruluşu sәciyyәvi idi. İ-dә sosial tәbәqәlәşmә qabarıq fәrqlәnirdi: zadәganlar, orta tәbәqә, asılı әhali. Tayfanı Roma vә yunan müәlliflәrinin çar adlandırdıqları monarx idarә edirdi. Onun hakimiyyәti zadәganlar şurası tәrәfindәn mәhdudlaşdırılsa da, olduqca möhkәm idi. İ.-in mәskunlaşdığı әrazinin şm. hissәsindәki tayfalarda sosial inkişaf lәng gedirdi.
İ. karfagenlilәrә, sonra isә romalılara sәrt müqavimәt göstәrdilәr. İ.-in әzәli әrazisi romalılar tәrәfindәn yalnız 40 illik müharibәlәrdәn sonra tabe edildi. Bundan sonra o, İspaniyada yalnız e.ә. 19 ildә başa çatmış növbәti işğalların bazasına çevrildi. Roma işğallarından sonra İspaniyaya İtaliyadan kolonistlәr gәldilәr. Onlar, әsasәn, İtaliyanın tәbii şәraitinә uyğun olan c.-dakı münbit әrazilәrdә mәskunlaşdılar. İ.-in әrazisindә romanlaşma ocaqlarına çevrilәn Roma şәhәrlәri yarandı. Turdetanlar digәrlәrindәn daha tez romanlaşdılar. Romanın tәsirilә yerli icma qaydaları Roma sosial quruluşuna yaxınlaşdı. Roma iqtisadiyyatında yerli k.t. (әsasәn, cәnubun zeytun yağı) vә mәdәn mәhsulları böyük rol oynadı. Eramızın 1 әsrindә İ. Roma әyalәt әhalisinin yerli variantına çevrilәrәk, bir etnos kimi mövcudluqlarını itirdilәr. İ.-in özünәmәxsus mәdәniyyәti qonşu tayfaların mәdәniyyәtinә bәnzәmir. Onların yazı sisteminin (tam olaraq deşifrlәnmәmişdir) bir neçә variantı mövcud idi. İşarәlәrin formalarına Finikiya yazı sistemi tәsir göstәrmişdir. İberdini yunan vә Finikiya kultlarının tәsirinә mәruz qalmışdı.

İberlәr. “Elçe şәhәrindәn qadın”. E.ә. 4 әsr.
Milli Arxeologiya Muzeyi (Madrid).
Milli Arxeologiya Muzeyi (Madrid).
Cәnubi İ. Finikiya allahlarının çoxuna, o cümlәdәn Melkarta sitayiş edirdilәr. Yerli allahlardan günәş, yaxud müharibә allahı olan Neton mәlumdur. Ay ilahilәri mövcud idi. Ana ilahәnin, hәmçinin yeraltı ilahilәrin kultları geniş yayılmışdı. Bir çox yerlәrdә heyvanlara (xüsusәn öküzә) sitayiş edirdilәr. Kişi kahinlәri, çox vaxt isә qadın kahinlәri olan nisbәtәn sadә mәbәdgahlar meydana gәlmişdi. Qadın kahinlәri (vә ya bәzi alimlәrin fikrincә ilahәlәr) taxtda әylәşmiş, yaxud ayaq üstә dayanmış vәziyyәtdә, tәmtәraqlı geyimli qadın obrazında heykәltәraşlıqda әks olunmuşlar. Bәzi heykәllәrin (“Elçedәn olan qadın”, naxış izlәri olan әhәngdaşı, e.ә. 5 әsrin ikinci yarısı, Prado, Madrid; Serro-de-los-Santosdan qadın heykәli, әhәng daşı, e.ә. 2 әsr, Madrid arxeoloji muzeyi vә s.) statikliyi ilә yanaşı mükәmmәl plastik ifadәliliyi sәnәtkarlığın yüksәk sәviyyәsini, eyni zamanda onların yaradıcılarının antik heykәltәraşlıq vә Karfagenin dekorativ-tәtbiqi sәnәt әsәrlәrinә bәlәd olduqlarını göstәrir. Alikante, Mursiya vә Albasete әyalәtlәrindәn tapılmış öküz, şir vә әfsanәvi heyvan heykәlciklәrindә Qәdim Şәrq vә Qәdim Yunanıstan incәsәnәtinin tәsiri nәzәrә çarpır. Bәzi mәqbәrәlәrin divarlarında dini mәrasimlәri, döyüş sәhnәlәrini canlandıran rәsmlәr, lakin daha çox hәndәsi fiqurlar, yaxud üfüqi rәngli zolaqlardan ibarәt naxışlar saxlanılmışdır. İ.-in dekorativ-tәtbiqi sәnәtindә metalın emalı (zolaq-zolaq düzülmüş basmanaxışlı fiqurlarla bәzәdilәn qızıl diademalar) inkişaf etmişdi. Naxışlı qablar geniş yayılmışdı; vazaların üzәrindә hәndәsi motivlәrә, hәmçinin musiqi vә rәqslәrlә müşayiәt olunan dini mәrasimlәrin tәsvirlәrinә rast gәlinir. Belә ki, İ.-in hәyatında musiqi vә rәqslәr böyük kәsb edirdi. İ.-in mәdәniyyәtinin çiçәklәnmәsi dövrü e.ә. 4 – e.ә. 2 әsrlәrdir. İntensiv romanlaşma onun mәhvinә gәtirib çıxardı. E.ә. 1 әsrin sonlarında iber dili vә yazı sistemi aradan qalxdı, heykәltәraşlıq vә boyakarlıq, qablara naxışvurma da daxil olmaqla, İ.-in bәdii sәnәtkarlığı Roma incәsәnәtinin mәhәlli variantı ilә әvәzlәndi. İ.-in dini tәsәvvürlәrinin az qismi saxlanılmışdır.










