İBLİS (ابليس ) – islam әnәnәsindә kainatda şәrin başlanğıcını tәmsil edәn varlıq. Mәlәklәr, yaxud cinlәr kateqoriyasına aidliyi mübahisә obyektidir. Mәnbәlәrdә İ.-in günah etmәzdәn әvvәl Allaha ibadәt etdiyi göstәrilir. Quranda “İ.” adı 11 dәfә çәkilir. Burada onun Allahın Adәmә sәcdә etmәk barәdә әmrindәn boyun qaçıraraq kafir olması (2:34, 15:31, 38:74), Allah tәrәfindәn qovulması (7:13, 15:34, 17:63, 38:77), Adәm vә Hәvvanı aldatması (2:36, 7:20-22), cәza üçün Allahdan möhlәt istәmәsi vә ona möhlәtin verilmәsi (7:14-15, 15:36-37, 38:79-81), insanları yoldan çıxaracağına and içmәsi (7:16-17, 15:39-40, 17:62, 38:82) әksini tapır. Ənәnәvi dini әdәbiyyatda İ. şәrin ümumilәşmiş obrazı, insan vә cin nәslindәn olan şeytanların öndәridir. Tәsәvvüf vә irfanda İ. kamilliyә çatmaqda әsas maneә olan nәfsin rәmzi, yaxud mütlәq ilahi sevgi vә müvәhhidliyin (monoteizm) tәcәssümü kimi (bax Hәllac, Eynülqüzat) çıxış edir. Klassik Yaxın Şәrq, o cümlәdәn Azәrb. әdәbiyyatında İ. vә Adәm süjeti geniş yayılmış, Adәmә sәcdә әmri vә İ.-in onu icra etmәmәsinin batini anlamları zәngin irfani şәrhlәrin meydana gәlmәsinә sәbәb olmuşdur.










