İBN DAUD Abraham ha-Levi (tәqr. 1110, İspaniya, Kordova – tәqr. 1180, Toledo) – yәhudi filosofu, tarixçi, hәkim vә astronom; aristotelizmin nümayәndәsi. Hәrtәrәfli tәhsil almışdır; әnәnәvi yәhudi fәnlәrindәn başqa, yunan vә әrәb fәlsәfәsini, hәmçinin әrәb әdәbiyyatını öyrәnmişdir. Müvәhhidlәr Kordovanı tutduqdan sonra İ.D. Toledoya köçmüşdür (tәqr. 1148).
İ.D.-un әsas fәlsәfi әsәri tәqr. 1160 ildә әr. yazdığı vә 14 әsrin sonlarına aid iki ibranicә tәrcümәsindә qorunub saxlanılan “Əl-әqidә әr-rafiә” (“Yüksәk әqidә”) traktatıdır. Əsәrdә İ.D. iudaizmi Aristotel tәlimilә uzlaşdırmağa çalışmış vә İbn Cәbirulun neoplatonik konsepsiyasını kәskin tәnqid etmişdir. Əsәrin İbn Mәymuna tәsiri olmuşdur.
“Ənәnә kitabı” (“Sefer ha-kabbalah”) [bir sıra әlyazmaya görә, “Ənәnә nizamı” (“Seder ha-kabbalah)] traktatında İ.D. karaimlәrlә mübahisәyә girәrәk, sübut etmәyә çalışmışdır ki, ravvin iudaizmi Musaya gedib çıxan daimi әnәnәyә әsaslanır. “Seferha-kabbalah”a iki әlavәsindә İ.D. hәmçinin Roma tarixi vә İkinci Mәbәd dövrü yәhudi hökmdarlarının tarixini tәsvir etmişdir.










