İBN ƏL-ƏSİR (ابن الاثير ), İ z z ә d d i n Ə b ü l - H ә s әn Ə l i i b n M ә h ә m m ә d [12.5.1160, Cәzirәt ibn Ömәr ş. (indiki Cizrә, Türkiyә) – 1233/34, Mosul] –әrәb tarixçisi. 12 cildlik “әl-Kamil fit-tarix” (“Mükәmmәl tarix”) әsәrinin müәllifidir. Tәbәri, İbn Misqәveyh, Sәllami vә digәr әrәb müәlliflәrinin әsәrlәrindәn istifadә vә şәxsi müşahidәlәri әsasında yazdığı bu әsәrdә әn qәdim dövrlәrdәn 1231 ilәdәk baş vermiş hadisәlәrdәn bәhs olunur. Suriya vә Şimali İraq (Cәzirә) daha әtraflı tәsvir edilmiş, Misir vә Mәğrib tarixinә dair qiymәtli mәlumatlar әksini tapmışdır. Əsәrdә Azәrb.-ın ictimai-iqtisadi, siyasi vә mәdәni hәyatına dair (әrәblәrin Azәrb.-ı işğal etmәlәri, Babәk hәrәkatı, Sacilәr sülalәsi, rusların Bәrdәyә hücumu, Sәlcuqilәrin Azәrb.-ı tutması, Eldәnizlәr dövlәti, Xarәzmşah Cәlalәddinin vә monqolların Azәrb.-ı işğal etmәlәri, xalqın işğalçılara qarşı müqavimәti, gürcülәrin Azәrb.-a basqınları, Şirvanşahlar dövlәti vә s.) zәngin mәlumatlar verilmişdir. İ. әl-Ə. hәmçinin Mosul atabәylәri tarixinin (“әl-Bahir”), Mәhәmmәd peyğәmbәrin tәrәfdaşlarının bioqrafik lüğәtinin, bir neçә bioqrafik vә genealoji әsәrin müәllifidir.










