İBN HƏZM ( ابن حز م), Ə b u M ә h ә m m ә d Ə l i i b n Ə h m ә d i b n S ә i d İ b n H ә z m ә l - Ə n d ә l i s i ә l - Q u r t u b i (7.11.994, Kordova – 16.8.1064, Sevilya yaxınlığında, Manta) – Əndәlis ilahiyyatçısı, filosof, şair; zahiriyyә hüquq mәktәbinin nümayәndәsi. Əslәn qeyri-әrәbdir, bәzi mәnbәlәrdә isә fars olduğu göstәrilir. Atası Əmәvilәr sarayında vәzir olmuşdur. Sonralar özü dә siyasi hәyatda fәal iştirak etmiş, bәrbәrlәrlә mübarizәdә Əmәvilәri dәstәklәmiş, V Əbdürrәhman [1023–24] vә III Hişamın
[1027–31] dövründә vәzir olmuşdur. 1029 ildә siyasәtdәn uzaqlaşmış, Mayorkada (1038–39) vә Sevilyada (1047 ildәn) yaşamışdır. Ömrünün sonlarında asketik hәyat sürmüşdür.
Zahiriyyә mәzhәbinin әsaslarını inkişaf etdirәn İ.H. müqәddәs mәtnin zahiri (hәrfi) anlamına üstünlük vermiş, fiqhin mәnbәyi kimi yalnız Quran vә sünnәni tanımışdır. Hökm çıxarmada qiyas (analogiya) vә rәy metodlarını inkar etmiş, dindә tәqlidi bәyәnmәmişdir. Din vә fәlsәfәnin fәrqli yollarla eyni yerә aparıb çıxardığını göstәrәn İ.H. dini müddәaların dәrki vә isbatında fәlsәfә vә mәntiq üsullarının rolunu vurğulayaraq, müsәlman ilahiyyatçılar üçün bu iki elmi öyrәnmәyi vacib saymışdır. Mәntiqdә aristotelçi mövqe tutsa da, bәzi mәsәlәlәrdә onunla razılaşmamışdır (mәs., induktiv metodu qeyri-kafi hesab etmişdir). İslam hüququna dair mühüm әsәri zahiriyyә fiqhini әks etdirәn “Əl-Mühәlla”dır (“Bәzәk vurulmuş”).
Fәrqli inancların bir araya gәldiyi Əndәlis mühiti, islam dininә qarşı yәhudi vә xristianlar tәrәfindәn tәzyiq vә tәnqidlәr İ.H.-i islamın müdafiәsi mövqeyindә sistemli fәaliyyәt göstәrmәyә sövq edәrәk, onu müqayisәli dinşünaslığın banilәrindәn birinә çevirmişdir. Dinlәrin tarixi vә müqayisәli dinşünaslığa dair әn mühüm әsәri olan “Əl-Fәsl fil-milәl vәl-әhva vәn-nihәl”dә (“Dinlәr, bidәtlәr vә sektalara dair ayırıcı”) İ.H. müxtәlif din vә inanc sistemlәrini 6 qrupda ümumilәşdirmiş, onları öz mәnbәlәri әsasında araşdırmış, naqis vә ya tәhrif edilmiş cәhәtlәrini göstәrmişdir. Əldә olan Tövrat vә İncil mәtnlәrinin fundamental elmi tәnqidini vermiş, onların orijinal olmadığını әsaslandırmışdır.
Hәm dә dilçi vә әdib olan İ.H. bütün dillәrin Adәmә göndәrilәn vәhyin ilkin vә bәsit dilindәn törәmәsi ideyası ilә ulu dil anlayışının әsasını qoymuş, heç bir mövcud dilin ulu dil statusuna iddiasını qәbul etmәmişdir. Ərәb, süryani, ivrit, yunan vә latın dillәrinә dair tәdqiqatları ilә müqayisәli-tarixi dilçilik sahәsindә Avropa dilçilәrini xeyli qabaqlamışdır. Ərәb dilinin vәhy dili olduğuna görә üstünlüyü fikri ilә razılaşmamış, sinonimlәrinin azlığına vә ifadәliliyinә görә üstünlüyü latın dilinә vermişdir.
Hәm әrәb, hәm dә Avropa әdәbiyyatında romantizmin öncüllәrindәn biri olan İ.H.-in saray mühiti sayәsindә erkәn yaşda formalaşmış әdәbi zövqü vә poetik ruhu tam şәkildә “Tövqül-hәmamә” (“Göyәrçin boyunbağısı”, 1022) adlı psixoloji-fәlsәfi әsәrindә әksini tapmışdır. Platonun eşq konsepsiyasından bәhrәlәnәn İ.H. eşqi fәlsәfi kateqoriya kimi ayırmış, gözәllik kateqoriyası üzәrindә xüsusi dayanmışdır. Burada gözәllik vә sevgi qarşılıqlı şәkildә bir-birinin sәbәb vә nәticәsidir. Sevgiyә fәlsәfi yanaşma ilә gündәlik hәyat hadisәlәrinin tәsviri әsәrdә unikal vәhdәt tәşkil edir. İ.H.-in şeirlәrindә әksini tapan qadın gözәlliyinin tәsviri islam әxlaqı ilә uzlaşaraq fәlsәfi-irfani sәciyyә qazanmışdır. O, poetik yaradıcılığının sonrakı mәrhәlәsindә daha çox din, fәlsәfә vә әxlaq mövzularına üstünlük vermiş, tәbiәt tәsvirinә dair mәnzumәlәr vә pastorallar yazmışdır. Xilafәt әrazilәrini işğal edәn Bizans imperatoru II Nikifora qarşı yazdığı “Nikfuriyyә” qәsidәsindә xristianlığın tәmәl inanclarının tәnqidi şәrhini vermiş, müsәlmanlarla xristianlar arasında baş vermiş tarixi hadisәlәrdәn, türk vә Xәzәr ordularının gücündәn, İstanbulun fәth olunacağından vә s. bәhs etmişdir.










