İBN MƏYMUN (Moşe ben Maymon, Əbu İmran Musa ibn Mәymun ibn Abdullah әl-Qurtubi [30.3.1135, İspaniya, Kordova – 13.12.1204, Fustat (indiki Qahirә)]) – yәhudi ilahiyyatçısı, filosof, hәkim. Atası yәhudi şәriәt mәhkәmәsindә hakim olmuş, oğlunun yetişmәsindә mühüm rol oynamışdır. İlk tәhsilini Kordovada aldıqdan sonra 13 yaşında ikәn ailәsi ilә birlikdә Almeriyaya köçmüş, orada yәhudi ilahiyyatı, fәlsәfә vә tibb sahәsindә tәhsilini davam etdirmişdir. 1160 ildә Müvәhhidlәr şәhәri tutduqdan sonra Fәsәgetmiş, 1165 ildә Fustata köçmüşdür. Orada elmi vә әdәbi fәaliyyәtlә mәşğul olmuş, 1177 ildәn yәhudi icmasına başçılıq etmişdir. Misir sultanı Sәlahәddin Əyyubinin, onun oğlu Mәlik әl-Əfzәlin vә vәziri Fazilin hәkimi olmuşdur. İ.M.-un Tveriyadakı mәzarı yәhudilәrin ziyarәtgahıdır.
İ.M. әsәrlәrini, әsasәn, әrәb dilindә yazmışdır. Yәhudi hüququ, kәlam vә fәlsәfә, tibbә dair başlıca әsәrlәri: ivritcә yazdığı yeganә әsәri “Mişna Tora” (1180), “Kitabüs-Sirac”, “Dәlalәtül-hairin” (“Tәrәddüd edәnlәrin bәlәdçisi”, 1186–90), “Kitabül-Füsul fit-tibb” (1187–90) vә s. “Dәlalәtülhairin” әsәrindә fәlsәfi-dini dünyagörüşü mәsәlәlәri şәrh olunur: Allahın mövcudluğu, Onun atributları, alәmin yaradılışı, peyğәmbәrlik, ruh vә bәdәn münasibәti, etika mәsәlәlәri, insanın taleyi vә s. Əsәrdә Bibliyanın fәlsәfi-hermenevtik izahı verilmiş, din vә fәlsәfә, etiqad vә ağıl münasibәtlәri aydınlaşdırılmışdır. “Dәlalәtül-hairin” Avropa fәlsәfәsinә, hәmçinin xristian filosoflarına, o cümlәdәn Foma Akvinalı vә Böyük Albertә tәsir göstәrmişdir.
“Kitabül-fәraiz” (“Ehkamlar kitabı”) әsәrindә İ.M. әmrlәr vә qadağalar bölgüsü çәrçivәsindә 613 dini ehkamın (mitsvot) mәntiqi tәsnifini vermişdir. O, müqәddimәdә iudaizm doqmatikasını müәyyәnlәşdirәn 14 prinsipi göstәrmiş, 248 әmr vә 365 qadağa sadalamışdır. İ.M.-un yәhudi fәlsәfәsi vә dünyagörüşünә rasionalist yanaşması, hәmçinin yәhudi teologiyasını aristotelizmin әrәb forması ilә sintezinә cәhdi iudaizm dә mistik cәrәyanın (bax kabbala) tәrәfdarlarının tәnqidinә sәbәb olmuşdur. Onun әsәrlәri İntibah (Piko della Mirandola vә b.) vә Yeni dövrün filosoflarına (xüsusilә Spinoza) tәsir göstәrmişdir.










