İBN SİNA (ابن سينا ), Əbu Əli Hüseyn ibn Abdullah (latınlaşdırılmış adı Avisenna) (980, Buxara – 1037, Hәmәdan) – müsәlman filosofu, ensiklopedist alim, hәkim. Şәrq peripatetizminin әn böyük nümayәndәsi. Gәncliyini Samanilәrin paytaxtı Buxarada keçirmiş, böyük hissәsi sәrbәst şәkildә olmaqla bütün dini vә dünyәvi elmlәri dәrindәn öyrәnmişdir. Artıq 10 yaşında Quranı әzbәr bilmişdir. Aristotel, Evklid vә Ptolemeyin fundamental әsәrlәrini başa vurmuş, 16 yaşında tibb elminә yiyәlәnmişdir. 18 yaşında mәntiq vә riyaziyyatı bitirdikdәn sonra Farabinin “Əğrad Aristutalis fi kitab ma bәәd әt-tәbiә” (“Metafizika kitabında Aristotelin mәqsәdi”) әsәri әsasında Aristotel metafizikasını mәnimsәmişdir. Hәlә 17 yaşında Buxara әmiri Nuh ibn Mәnsuru sağaltmış vә mahir hәkim kimi şöhrәt qazanmışdır. Atasının ölümü vә Qaraxanilәrin Buxaranı tutmasından sonra 1002 ildә Xarәzmin paytaxtı Gürganca (indiki Ürgәnc) köçmüş, yerli әmir Əli ibn Mәmunun sarayda yaratdığı elmi mühitdә fәaliyyәtini davam etdirmiş, Biruni ilә orada tanış olmuşdur. Mahmud Qәznәviyә xidmәtdәn imtina etdikdәn sonra hәyatı çәtinlәşmişdir. Ədәbiyyat vә incәsәnәtә yüksәk dәyәr verәn Qabus ibn Vәşmgirin sarayına daxil olmaq mәqsәdilә Gürgana getmişdir. Ən yaxın dostu vә şagirdi, hәmçinin hәyatına dair ilk vә әn mühüm mәnbәnin (“Sәrgüzәşt”) müәllifi Əbu Übeyd Cövzcani ilә orada tanış olmuşdur. Bir müddәt Reydә yaşadıqdan sonra Hәmәdan hakimi Şәmsüddövlәnin vәziri vә saray hәkimi olmuş, “Əş-Şifa” (“Şәfa”) әsәrini onun xahişi ilә yazmağa başlamışdır. Onun ölümündәn sonra bir müddәt hәbsdә qalmışdır. 1023 ildә İsfahana getmiş, ömrünün son 14 ilini Əlaüddövlәnin sarayında keçirmişdir. Ona ithafәn “Danişnamә” (“Bilik kitabı”) әsәrini yazmış, “Əş-Şifa”nı tamamlamışdır.
Çoxcildlik ensiklopedik әsәr olan “ƏşŞifa” 4 hissәdәn ibarәtdir: mәntiq, tәbiiyyat, riyaziyyat vә ilahiyyat. Tәtbiqi fәnlәr qismindә siyasәt, etika, evdarlıq (iqtisadiyyat) vә islam hüququnu (fiqhi) da ehtiva edir. Metafizika vә psixologiyaya dair hissәlәri hәlә 12 әsrdә “Sufficientiae” adı ilә latın dilinә tәrcümә olunmuşdu. “Ən-Nәcat” (“Nicat”, 1026/27) “Əş-Şifa”nın qısaldılmış variantı vә İ.S. fәlsәfәsinin müntәxәbatıdır. İ.S.-nın son, әn sistematik vә fundamental fәlsәfi-irfani әsәri “Əl-İşarat vәt-tәnbihat”dır. Əsәr ilk dәfә 1892 Leydendә nәşr olunmuş, bir çox Avropa dillәrinә tәrcümә edilmişdir. Tibbә dair әn mühüm әsәri “Əl-Qanun fit-tibb”dir (“Tibbә dair kanon”). “Danişnamә” fәlsәfәyә dair ensiklopedik әsәrdir. Üçhissәli “Əl-Mәbdә vәl-mәad” (“Başlanğıc vә qayıdış”) әsәri metafizika, yaradılış vә әxlaq mövzularını әhatә edir. Alleqorik hekayә olan “Hәyy ibn Yәqzan”da (“Yәqzan oğlu Hәy”) insanın biliyin hәqiqәtinә yetişmәsindәn vә kainatdakı yerini tәyin etmәsindәn bәhs olunur. Bәzi tәdqiqatçılar Dantenin “İlahi komediya”nın süjetini bu әsәrdәn götürdüyünü ehtimal edirlәr. İ.S.-nın “Risalәt әt-tayr” (“Quş haqqında risalә”), “Sәlman vә Absal” adlı alleqorik povestlәri dә var. İ.S.-nın fәlsәfi alleqoriya әnәnәsini İbn Tüfeyl “Hәyy ibn Yәqzan” әsәrindә vә Yәhya Sührәvәrdi “Qissәtül-qürbәtil-qәrbiyyә” әsәrindә inkişaf etdirmişlәr. İ.S.-nın müxtәlif sahәlәrә dair çox sayda әsәri vә risalәlәri var. O, Aristotelin “Poetika”sına, İbn әr-Ruminin şeirlәrinә şәrhlәr yazmışdır. Əsәrlәrinin 12, o cümlәdәn “Əl-Qanun fit-tibb”in 6 әlyazma nüsxәsi (әn qәdimi 1143 ilә aiddir) AMEA-nın M.Füzuli ad. Əlyazmalar İn-tunda saxlanılır.
Azәrb., fars, tacik, türk, özbәk, türkmәn vә s. xalqların folklorunda İ.S. ilә bağlı rәvayәtlәr var. Azәrb. filosofu Bәhmәnyar İ.S.-nın әn görkәmli şagirdi vә davamçısı olmuşdur.
Hәmәdanda (İran) İ.S.-nın mәzarı üzәrindә mәqbәrә inşa olunmuş (1952), Buxara (heykәltәraş F. Əbdürrәhmanov, 1975), Düşәnbә (heykәltәraş Ö.Eldarov, 1980), Daşkәnd (heykәltәraş V.Aksenov, 1980) ş.-lәrindә, BMT-nin Vyana bölmәsinin qarşısında (2009, Ö.Xәyyam, Biruni vә Zәkәriyyә Razi ilә yanaşı) abidә qoyulmuşdur.

“Tibbә dair kanon” әsәrinin titul vәrәqi. Venesiya. 1608.
İ.S.-nın fәlsәfәsi peripatetizm vә neoplatonizmin mühüm elementlәrini özündә birlәşdirmәklә bәrabәr islam dininin tәmәl prinsiplәrinә әsaslanır. Onun ağlın rolu ilә başlayan fәlsәfәsi Vәhyin tәntәnәsi ilә tamamlanır. Kindinin qurduğu vә Farabinin sistemlәşdirdiyi islam fәlsәfәsini yenidәn işlәyәrәk külliyyat halına salmış, islam dünyasında ilk dәfә fәlsәfә vә elmlәr ensiklopediyasını yaratmışdır. Bununla yanaşı, o hәm dә nәzm vә hekayә tәrzindә fәlsәfi әsәrlәr müәllifidir.
İ d r a k n ә z ә r i y y ә s i. İ.S.-ya görә, idrak zehnin әşyanın surәtini qәbul edәrәk mücәrrәdlәşdirmә yoluyla biliyә çevirmәsidir. Mücәrrәd şeylәrin dәrki üçün bu prosesә ehtiyac olmadığına görә burada mәntiq qanunları işlәmir; bu, metafizik bilikdir. İdrak prosesi duyğuların әşyanın zahiri keyfiyyәtlәri barәdә mәlumat alması vә ortaq duyğunun onları birlәşdirәrәk ilkin mühakimәni formalaşdırması ilә başlayır. İkinci mәrhәlәdә xәyal gücü (“müsәvvirә”) ayrı-ayrı mühakimәlәri özündә cәmlәşdirir. Bu mühakimәlәrin mәnbәyi instinktlәr vә ya keçmişdә yaşanmış tәcrübәlәr olduğundan bunların heç bir elmi vә fәlsәfi dәyәri yoxdur. İ.S.-nın “mәna” adlandırdığı vә onun psixologiyasında mühüm yer tutan bu mühakimәlәr yaddaşda saxlanılır, yeri gәldikcә xatırlanır vә gündәlik hәyatda özünü göstәrir. Hәqiqi bilik düşünmә gücünün (“müfәkkirә”) ayrı-ayrı mühakimәlәri çeşidlәyәrәk, xüsusidәn ümumiyә yönәlmәsi vә anlayışları (“tәsәvvür”) yaratması ilә başlayır. Düşüncәnin nәticәsi doğru mühakimәlәrin (“tәsdiq”) әldә olunmasıdır. İntuitiv vә mәntiqi idrakın ziddiyyәt tәşkil etmәdiyini göstәrәn İ.S.-ya görә, intuitiv idrak mәntiqi idrakın qısa yoludur. O hesab edirdi ki, biliyin ilkin mәnbәyi ontik varlıq olan fәal ağıldır. Əsl bilik müşahidә vә tәcrübәdәn әldә edilәn mәlumatlar üzәrindә düşünmәklә vә nәticәdә fәal ağlın zehni aydınlatması (“işraq”) ilә gerçәklәşir. Bu baxımdan düşüncә yalnız zehni fәal ağlın tәsirinә hazırlamaqdan ibarәtdir. İ.S. potensial, qabil (düşüncә qanunlarını әldә edәn), real (müşahidә vә tәcrübәdәn bilik әldә edәn) vә “müstәfad” (hәqiqi biliyә, yaxud fәalağla çatan) ağıl mәrtәbәlәrini ayırırdı. Elmlәri nәzәri (mәntiq, tәbiyyat, riyaziyyat vә ilahiyyat) vә praktiki (etika vә siyasәt) olaraq tәsnif edirdi.

BMT-nin Vyanadakı ofisinin qarşısında İbn Sinanın abidәsi.
İ.S.-nın t ә b i ә t f ә l s ә f ә s i ilk sәbәb olan Allaha vә ikinci dәrәcәli sәbәb olan maddәyә әsaslanır. Maddә vә surәt (forma vә materiya) sәbәb vә nәticә әlaqәsi olmadan birlikdә var vә ayrılıqda mövcud ola bilmәz. İ.S. kainatda boşluğun olması fikrini inkar edirdi. Hәrәkәt haqqında tәlim dә peripatetizm üçün yeni olan “meyil nәzәriyyәsi”ni işlәyib hazırlamışdır. Bu nәzәriyyәyә görә, cismi tәbii mәkanına yönәldәn tәbii meyil ona kәnardan verilәn qәsri (mәcburi) meyillә tәrs mütәnasibdir. Atma vә itәlәmә hәrәkәtlәrinә dair hәm Platonun, hәm dә Aristotelin baxışını tәnqid edәn İ.S. bunu hava sürtünmәsi ilә qәsri meylin azalması vә tәbii meylin artaraq cismi tәbii mәkanında saxlaması kimi şәrh edirdi.
İ.S.-nın m e t a f i z i k a s ı n ı n әsasını varlıq vә mahiyyәtin fәrqlәndirilmәsi tәşkil edir. Zәruri varlıq olan Allahın varlığı vә mahiyyәti eynidir. Mümkün varlıqların mahiyyәti isә onların varlığından öncәdir. Yeganә bilәn vә bilinәn Allah olduğuna görә onun bilmәsi hәm dә yaratması demәkdir. Yaradılış nә tәbii proses, nә dә Allahın mәqsәdidir; bu onun özünü tanımasının zәruri nәticәsidir. Yaradılışda bitmә vә ya dayanma yoxdur. Farabinin südur nәzәriyyәsini davam etdirәn İ.S. göstәrirdi ki, davamlı feyz yaradılışın davamlılığını ifadә edir. O, tәnasüx (reinkarnasiya) ideyasını inkar etmişdir.
İ.S.-nın ә x l a q f ә l s ә f ә s i metafizika vә idrak nәzәriyyәsi ilә birbaşa bağlıdır. O, göstәrir ki, insanın davranışlarını müәyyәnlәşdirәn onda olan istәk vә qәzәb qüvvәlәrinin balansıdır. Bunun әsasında hәzzә canatma vә әzabdan qaçma instinkti dayanır. İ.S. etikasında hәzz vә әzab xeyir vә şәr anlayışı ilә әlaqәdardır. İ.S.-ya görә, şәr maddәnin almalı olduğu surәti almadığı halda fәrdin öz tәbiәtinә xas mükәmmәlliyi qazanmamasıdır. Bu, heç vaxt növә aid olmayıb yalnız fәrdlәrdә baş verir vә kainat miqyasında birbaşa vә ya dolayısı ilә ümumi xeyirә xidmәt edir. İnsanın hadisәni yalnız hissi idraka әsaslanaraq hәzz (xeyir) vә ya әzab (şәr) kimi qiymәtlәndirmәsi vә buna uyğun davranması onu bәdbәxtliyә aparır. Əxlaqın qayәsi dünya hәyatında fәzilәt, axirәt hәyatında isә sәadәt olduğuna görә insanın vәzifәsi başda Allah olmaqla әşya vә hadisәlәri düzgün tanımaq, hәzz vә әzabı ağlın gücü ilә dәyәrlәndirmәk, müvafiq olaraq istәk vә qәzәb qüvvәsinin balansını qoruyaraq әdalәtә nail olmaqdır. İ.S.-ya görә, bütün sahәlәrdә sosial hәyatın tәnzimlәnmәsi üçün obyektiv әxlaq vә hüquq normalarının olması zәruridir. Bu isә yalnız ilahi vәhylә mümkündür. Fәlsәfi dil ilә vәhy dilini әsәrlәrindә bir araya gәtirәn İ.S. fikirlәrini әsaslandırmaq üçün Qurana vә hәdislәrә istinad edir, bәzi surәlәrin tәfsirindә vәhyin simvolik dilini metafizik görüşlәrlә açmağa çalışırdı; belәliklә, dolayısı ilә fәlsәfәnin vәhydәn qaynaqlandığını irәli sürürdü.
Tibb. İ.S.-nın tәbabәtinin әsasını onun tәbiәt fәlsәfәsi tәşkil edir. O, belәliklә bir sıra mәsәlәdә bir-biriylә uzlaşmayan Aristotel vә Qaleni tәbiәt fәlsәfәsi vә tibb timsalında barışdırmağa müvәffәq olmuşdur. İ.S.-nın “Əl-Qanun fit-tibb” әsәri antik vә erkәn orta әsrlәrә aid Ellin, Bizans vә suryani tibbi әdәbiyyatının vә müalicә üsullarının sistemlәşdirilmiş mәcmusundan vә özünün tibbi kәşflәrindәn ibarәt olub, ensiklopedik sәciyyә daşıyır. Əsәr 5 kitabdan ibarәtdir. Daha çox nәzәri әhәmiyyәtә malik birinci kitabda anatomiya vә fiziologiya; xәstәliklәrin sәbәb vә әlamәtlәri; “әxlati-әrbәә” (klassik islam fәlsәfә vә tibbindә insan orqanizmini tәşkil edәn dörd maye – qan, sәfra, sevda vә bәlğәm) tәlimi; sağlamlığın qorunması, xәstәliklәrin qarşısının alınması vә müalicәnin ümumi prinsiplәri haqqında danışılır. İkinci kitab bitki vә heyvan mәnşәli dәrmanlardan bәhs edir. Burada çoxu bitki mәnşәli olmaqla 800-ә yaxın dәrmanın siyahısı verilmişdir. Üçüncü kitab ayrı-ayrı xәstәliklәr, onların müәyyәnlәşdirilmәsi vә müalicәsinә hәsr olunmuşdur. Dördüncü kitab qızdırma ilә müşayiәt olunan xәstәliklәr, abseslәr, ortopedik problemlәr, zәhәrlәnmәlәr, yaralanmalar vә s. barәdәdir. Beşinci kitabda 650-yәdәk mürәkkәb dәrman vә onlardan istifadә qaydaları sadalanır. İ.S. xәstәliklәrin yaranmasında әsas amillәr kimi mәkan, iqlim, fәsil; mәişәt şәraiti, qidalanma, әmәk; mәnәvi sarsıntılar vә s. göstәrirdi. O, ilk dәfә olaraq çiçәk xәstәliyi, cüzam vә taun arasındakı fәrqi izah etmiş; vәrәm, mәdә xorası, plevrit, diabet xәstәliklәrinin tәsvirini vermiş, sifilisin civә ilә müalicәsini tәtbiq etmişdir. Nәbz vә tәnәffüsә görә diaqnoz qoyma üsullarını işlәyib-hazırlamış, diabeti sidiklә müәyyәnlәşdirә bilmişdir. Göz xәstәliklәri içәrisindә oftalmiya üzәrindә xüsusi dayanmış, traxomanın diaqnostikasını tәsvir etmişdir. Göz әzәlәlәrinin yığılıb-açılması, göz yaşı kanallarının funksiyası barәdә geniş mәlumat vermişdir. İ.S.-nın vә 11 әsrin görkәmli tәbibi Əli ibn İsanın әzvay, opium vә mandraqora ilә tәtbiq etdiyi anesteziya üsulunu 13 әsrdә Sәlib yürüşü zamanı Şәrqә gәlәn hәkim Bolonyalı Hüqo әxz edәrәk Avropaya aparmışdır.
İ.S. ruhi xәstәliklәrin beyin mәdәciklәrindә lokallaşdığını göstәrmiş, onların müalicәsindә әmәk, musiqi, tәlqin vә s. vasitәlәrdәn istifadәni tәtbiq edәrәk müasir psixiatriyanın bünövrәsini qoymuşdur. Traxeostomiya vә tozillektomiya әmәliyyatları barәdә mәlumat vermişdir.
İ.S.-nın “Əl-Qanun fit-tibb”ini 12 әsrdә italyan hәkimi Kremonalı Gerard, 1527 ildә italyan hәkimi A.Alpaqo latıncaya çevirmişlәr. Qәrbdә “Kanon” kimi tanınan әsәr 17 әsrin sonlarınadәk Luven (Belçika), Monpelye (Fransa) un-tlәrindә dәrslik kimi istifadә olunmuş, 17 әsrdә Valyadolid Untindә (İspaniya) Avisenna kafedrası yaradılmışdı.
Musiqi. İ.S.-nın musiqi nәzәriyyәsi, әsasәn, “Əş-Şifa” әsәrinin “Musiqi elminin külliyyatı” hissәsi vә “Ən-Nәcat” kitabının “Musiqi haqqında müxtәsәr [mәlumat]” hissәsindә әksini tapmışdır. Elmlәrin tәsnifatında musiqini riyaziyyat bölmәsinә daxil edәn İ.S. onu sәslәr arasındakı әlaqәni öyrәnәn vә kompozisiya üçün qaydalar müәyyәn edәn elm kimi sәciyyәlәndirirdi. Ona görә, musiqi haqqında elm harmoniya (intervallar vә melodik kompozisiyalar haqqında elm) vә ritmikaya (sәslәr arasındakı müvәqqәti әlaqә haqqında elm) bölünür. İ.S. tarixdә ilk dәfә musiqini fundamental elmi bazaya әsaslandırmış, onu tәkcә riyaziyyat deyil, hәm dә sosiologiya, psixologiya, poetika, etika vә fiziologiya nöqteyi-nәzәrindәn öyrәnmişdir. O, Pifaqor vә onun islam fәlsәfәsindәki davamçılarının musiqinin sәma cisimlәrindәn qaynaqlanması barәdә mistik tәlimini köhnәlmiş hesab edir, musiqinin yalnız fiziki qanunlar çәrçivәsindә öyrәnilmәli olduğunu göstәrirdi. O, sәslәr, intervallar, tetraxordun növlәri vә onların tam sistemdә yerlәşmәsi, ritmika, kompozisiya texnikası barәdә müfәssәl mәlumat vermişdir. Ərәb musiqisindәki sәkkiz әsas ritm modelini izah etmiş, ritm qәliblәri ilә әruz vәzninin ölçülәrini birlәşdirmişdir. İ.S.-nın Farabinin ardınca inkişaf etdirdiyi tersiyanın konsonantlığı ideyası Avropaya yalnız İntibah dövründә daxil olmuş, 18–19 әsrlәr Avropa klassik musiqisindә mühüm rol oynamışdır. İ.S. musiqi alәtlәrini tәsnif etmiş, udun üzәrindә xüsusi dayanmışdır. Mәhz Farabi vә İ.S.-nın musiqi alәtlәri barәdә araşdırmaları alәtşünaslığın musiqi elminin ayrıca sahәsi kimi öyrәnilmәsinin әsasını qoymuşdur. Musiqi estetikasına xüsusi yer ayıran İ.S. melodiyanın psixi-emosional xüsusiyyәtlәrini şәrh etmiş, onun insana tәsirinin tәbii-elmi vә fәlsәfi-estetik tәrәflәrini araşdırmış, körpәlәrin emosional hәssaslığının inkişafında laylanın rolunu vurğulamışdır. İnsan nәbzi ilә musiqi ritmi arasında müqayisә aparmış, nәbzә görә diaqnostika prinsiplәrini musiqi duyumu ilә izah et mişdir. O, musiqinin müalicәvi vә tәrbiyәvi funksiyaları barәdә görüşlәrini “Risalә fin-nәfs” l(“Can haqqında traktat”), “Əl-Qanun fittibb” vә s. әsәrlәrindә ümumilәşdirmişdir.
Əd.: З а к у е в А. К. Психология Ибн Сины, Б., 1958; З а в а д о в с к и й Ю. Н. Абу Али Ибн Сина: Жизнь и творчество, Душанбе, 1980; П е т р о в Б. Д. Ибн Сина (Авиценна), М., 1980; С а г а д е е в А.В. Ибн-Сина, М., 1980; Ш и д ф а р Б.Я. Ибн Сина, М., 1981; Д и н о р ш о е в М. Натурфилософия Ибн Сины, Душанбе, 1985; G o o d m a n L. E. Avicenna, London, 1992; T e r z i o ğ l u Arslan, Yeni Araştırmalar Işığında Büyük Türk-İslâm Bilim Adamı İbn Sînâ (Avicenna) ve Tababet, İstanbul, 1998.










