İBRAHİM, İ b r a h i m i b n M ә s u d i Q ә z n ә v i (1033–25.8.1099) – Qәznәvi sultanı [1059–99], Sultan Mәsudun oğlu. Qardaşı Fәrruxzad öldürüldükdәn sonra hakimiyyәtә keçmişdi (1059, 6 aprel). Sultan İ. Qәznәvilәr ilә Sәlcuqilәr arasında uzun müddәt davam edәn mübarizәyә son qoymuşdur. İki dövlәt bir-birinin әrazilәrinә hücum etmәmәk haqqında saziş bağlayaraq Əfqanıstanın şm.-ındakı Hindiquş d-rını sәrhәd qәbul etmişdir. Bu saziş Sultan Alparslanın dövründә dә davam etmiş, hәtta tәrәflәr qohumluq әlaqәlәri quraraq dostluğu möhkәmlәndirmәyә çalışmışlar. Alparslanın ölümündәn (1072) sonra hakimiyyәt dәyişikliyi sәbәbindәn onların arasında yenidәn ixtilaflar başlasa da, sonrakı illәrdә iki dövlәtin bir-birinә qarşı dost münasibәti saxlanmışdır. Sultan İ. Hindistana yürüşlәr etmiş, bәzi qalaları (Əcüdhәn, Rupal, İbnül-Əsir) әlә keçirmiş, eyni zamanda Gur bölgәsini nәzarәtә almışdı. Sultan İ. Əmir Abbası taxtdan devirәrәk yerinә oğlu Mәhәmmәdi әmir tәyin etmişdi. Alimlәri vә şairlәri himayә edәn Sultan İ. hakimiyyәt çәkişmәlәri sәbәbindәn xarabalığa çevrilmiş şәhәrlәri bәrpa etdirәrәk, yeni yaşayış mәrkәzlәri, mәscid vә mәdrәsәlәr tikdirmiş, ilk Qәznәvi sultanı titulu ilә kәsdirdiyi sikkәlәrin üzәrinә adını hәkk etdirmişdi. Bir neçә lәqәbi vә titulu olan Sultan İ.-in hakimiyyәti dövründә Qәznәvilәr dövlәti Şәrqi Əfqanıstan vә Şәrqi Hindistanda sabit bir dövr keçirmişdir. Sultan İ. vәfat etdikdәn sonra onun Qәznә ş.-ndәki qәbri ziyarәtgaha çevrilmişdir.










