İBRAHİM ÇALLI (13.7.1882, Türkiyә, Dәnizli ilinin Çal qәs. – 22.5.1960, İstanbul) – türk boyakarı. Türk Rәssamlar Cәmiyyәtinin (1919) qurucularından biri. İlk tәhsilini Çalda rüşdiyyә mәktәbindә vә İzmirdә almışdır. 1906 ildә Sәnaye-i Nәfisә Mәktәbinә (indiki Memar Sinan Gözәl Sәnәtlәr Un-ti) qәbul edilmiş, 6 illik mәktәbi 3 ilә bitirmişdir. 1910 ildә tәhsilini davam etdirmәk üçün Parisә getmişdir. Birinci dünya müharibәsi başladıqdan sonra vә tәnә dönmüş, pedaqoji fәaliyyәtlә mәşğul olmuşdur. İ.Ç. türk rәssamlıq sәnәtinin inkişafında böyük rol oynamışdır. İmpressionizmdәn bәhrәlәnmiş, natürmort, mәnzәrә, nü (çılpaq) vә portret janrında tablolar yaratmışdır: “Sürmә çәkәn qadın”, “Zeybәk oyunları”, “Heykәltәraş İhsan bәyin portreti”, “Tikiş tikәn qadın”, “Bağçada qadın”, “Dәmiryolu vә kәndlilәr”, “Şair Yәhya Kamalın portreti”, “Atatürkün portreti”, “Adada sәhәr gәzintisinә çıxan qadınlar”, “Balıqçı”, “Osman Hәmdi bәy” vә s. “İsmәt İnönü”, “Zeybәklәr”, “Milli mücadilәdә topçular”, “Mövlәvilәr”, “Maqnoliyalar”, “Hәyәtdә oturanlar” kompozisiyaları mәşhurdur. Fәrdi sәrgilәri ilә yanaşı, Türkiyә vә digәr ölkәlәrdә (Avstrya, Fransa, Almaniya vә s.) nümayiş olunan müxtәlif sәrgilәrә qatılmış, mükafatlar qazanmışdır. Əsәrlәri İstanbul Rәsm vә Heykәl Muzeyi, Ankara Dövlәt Rәsm vә Heykәl Muzeyi vә şәxsi kolleksiyalarda saxlanılır. Ankarada abidәsi ucaldılmışdır.

İbrahim Çallı. “Maqnoliyalar”. İstanbul Rәsm vә Heykәl Muzeyi.










