İBRAHİM HƏQQİ ƏRZURUMLU (18.5.1703, Ərzurum, Hәsәnqala – 22.6.1780, Tillo) – türk alimi, sufi mütәfәkkiri, şair. Tilloda Şeyx İsmayıl Fәqirullahdan dәrs almışdır. Sultan I Mahmud tәrәfindәn İstanbulda ehtiramla qarşılanmış, saray kitabxanasında fәaliyyәt göstәrmişdir. Ərzurumda Əbdürrәhman Qazı tәkyәsinin şeyxi olmuşdur. Mәzarı öz layihәsi ilә inşa etdirdiyi Şeyx İsmayıl Fәqirullah türbәsindәdir.
İ.H.Ə.-nun әn mühüm әsәri M.Qәzzalinin “İhya ülumid-din” kitabından ilhamlanaraq yazdığı, dövrün bütün dini vә elmi biliklәrini әhatә edәn ensiklopedik sәciyyәli “Mәrifәtnamә”dir (1757). Allahın varlığının isbatı ilә başlayan birinci bölümdә maddi alәmin yaradılışı vә xüsusiyyәtlәri, ikinci bölümdә insan fiziologiyası, gigiyena vә psixologiya, üçüncü bölümdә kainatı vә özünü tanıdıqdan sonra ruhi yüksәlişә nailolma, xatimәdә isә fәrdi vә ictimai әxlaq mövzuları әhatә olunur.
Predmetlәrinә görә dini vә dünyәvi elmlәr arasında dәqiq sәrhәd müәyyәnlәşdirәn İ.H.Ə. bununla dünyәvi elmlәrә (xüsusilә astronomiyaya) dair sualların cavablandırılmasını mühafizәkar mövqeli din xadimlәrinin sәlahiyyәtindәn çıxarmağa çalışmışdır. O, M.Qәzzalidәn ilhamlanaraq, göstәrirdi ki, dinin mәşğul olduğu mәsәlә kainatın Allah tәrәfindәn yaradıldığını dәrk vә isbat etmәkdir; kainatın quruluşu vә daxili qanunları isә elmin sәlahiyyәtinә aiddir. N.Kopernikdәn әxz etdiyi vә “yeni astronomiya” (“heyәti-cәdidә”) adlandırdığı heliosentrik kainat modelini M.Qәzzalinin ay vә günәş tutulmalarına dair izahları ilә әsaslandırmışdır. Tәbiyyat elmlәrinә geniş yer ayıran İ.H.Ə. hündürlüyә görә temperaturun dәyişmәsi, sәs vә işıq sürәtlәrinin fәrqi, ildırımın әmәlә gәlmәsi, buludların quruluşu, hava axınları, hәmçinin F.Magellan vә X.Kolumbun sәyahәtlәri barәdә zәngin mәlumat vermişdir. Əsasәn, “İxvan әs-sәfa” vә İbn Miskәveyhlә başlanan tәkamül ideyasını inkişaf etdirmiş, islam әnәnәsinә uyğun olaraq, tәkamül prosesinin tәbii seçmә yolu ilә deyil, ilahi iradә ilә idarә olunduğunu әsaslandırmışdır. Substansiya, aksidensiya, forma vә materiya kimi mövzularda mәşşaiyyә әnәnәsinә sadiq qalmış, Farabinin südur nәzәriyyәsini, İbn Sinanın psixologiyasını sadә dillә açıqlamışdır.
İ.H.Ə.-nun tәsәvvüfә dair görüşlәri türk tәsәvvüfünün bariz nümunәsidir. Onun dünyagörüşü sistemindә kainat vә insan haqqında biliklәr әsas mәqsәd olan ruhi yüksәliş üçün hazırlıq sәciyyәsi daşıyır. Buna görә dә idrak nәzәriyyәsindә ağıl mütlәq bilik mәnbәyi deyil, ilahi eşqә aparan vasitә kimi çıxış edir vә idrakın müәyyәn pillәsindә fәlsәfә öz qüvvәsini itirir.
İ.H.Ə. türkcә yazdığı “Tәrtibül-ülum” (“Elmlәrin sıralanması”, 1752) mәnzum әsәrindә irәli sürdüyü yeni tәdris proqramında dünyәvi elmlәrә mühüm yer ayırmış, lakin müәllim-şagird münasibәtinin klassik modelini dәstәklәmişdir. Əsasәn “Hәqqi”, bәzәn dә “Fәqiri” tәxәllüsü ilә türk, әrәb vә farsca yazdığı şeirlәrdәn ibarәt “Divan”ın, “İnsaniyyә”, “İrfaniyyә” (1761), “Mәcmuәtül-mәani” (“Mәnalar toplusu”, 1765), “Kәnzül-fütuh” (“Kәşflәr xәzinәsi”, 1774), “Dәfinәtür-ruh” (“Ruhun dәfinәsi”, 1775) vә s. fәlsәfi-didaktik әsәrlәrin müәllifidir. Texnika vә bәdiilik cәhәtdәn çox da güclü olmayan şeirlәri, әsasәn, müәllifin zәngin elmi biliklәrinin ifadәsinә
xidmәt edir.










