İBRAHİM LƏNKƏRANİ (tәqr. 1860/65, Lәnkәran – 25.9.1896, Nәcәf) – Azәrb. alimi, ilahiyyatçı. Hәyatı haqqında mәlumat azdır. Tәqr. 1884/85 ildә İraqa köçmüş, Əli Hairi Yәzdi vә Fazil Ərdәkanidәn dәrs almış, Nәcәfdә Fazil İrәvani, Mirzә Hәbibullah Rәşti vә Fazil Şәrabiyanidәn faydalanmışdır. Yüksәk erudisiyaya malik İ.L. qısa müddәtdә Nәcәf elmi hövzәsindә mәşhurlaşmış, “mühәqqiq”, “müdәqqiq” lәqәblәri ilә xatırlanmışdır. Mәnbәlәrdә İ.L.-yә mәxsus 15-dәn çox әsәrin adı çәkilir: ikicildlik “Üsul әl-fiqh” kitabı, “Şәrayil-İslam”ın bәzi bәhslәrinә şәrhlәr, hәdisşünaslıq, fiqh vә fiqh üsulu elmlәrinin müxtәlif bölmәlәrinә aid risalәlәr vә s. İ.L. Nәcәfdә Əli ibn Əbu Talibin hәrәminin yaxınlığında dәfn olunmuşdur.
Əd.: R ә h i m o v N. Azәrbaycanın din alimlәri. B., 2014.










