İBRAHİM PAŞA (1789, Rumeli, Kavala ş. – 10.11.1848, Qahirә) – Misir sәrkәrdәsi vә dövlәt xadimi. Mәhәmmәdәli paşanın oğlu (oğulluğa götürülmәsi ehtimal edilir) vә әn yaxın silahdaşı. 1805 ildәn Misirdә yaşamışdır. Atasının keçirdiyi genişmiqyaslı islahatlarda, o cümlәdәn ordunun vә donanmanın yenidәn tәşkilindә iştirak etmişdir. 1807–12 illәrdә maliyyә idarәsinin başçısı idi. Yuxarı Misirdә mәmlük sultanlıqlarının lәğvindәn sonra paşa titulu ilә bu әyalәtdә atasının naibi (1812–16) olmuşdur. 1816–41 illәrdә Misir ordusuna komandanlıq edәn İ.p. sәrkәrdә kimi şöhrәt qazanmışdı; Ərәbistanda Sәudilәrin ilk dövlәtinin dağılması ilә nәticәlәnәn vәhhabilәrә qarşı müharibә (1816–18), hәmçinin Şәrqi Sudanın işğalı (1820–22) vә 1824–28 illәrdә Yunanıstan milli azadlıq inqilabının (1821–29) yatırılması zamanı Misir ordusuna başçılıq etmişdir. 1831–33 illәrdә Misir ilә Osmanlı imperiyası arasında qarşıdurma zamanı Osmanlı ordusu üzәrindә bir sıra qәlәbә qazanmışdır. 1833–40 illәrdә Misir tәrәfindәn işğal edilmiş әrazilәri –Suriya, Fәlәstin vә Kilikiyanı idarә etmişdir. 1847 ildәn faktiki olaraq Mәhәmmәdәli paşanın әvәzinә Misirin hakimi idi. 1848 ildә İ.p. Osmanlı hökumәti tәrәfindәn Misirin irsi paşası kimi tәsdiq olunmuşdu.










