İBRAHİM SƏFİ (İbrahim Qafar oğlu Sәfiyev; 1898, indiki Şәrur r-nunun Cәlilkәnd k. – 4.1.1983, İstanbul) – azәrb. rәssam. İlk tәhsilini kәnd mәktәbindә almış, sonra İrәvan müәllimlәr seminariyasında oxumuşdur. “Araz balıqçıları” adlı ilk rәsmini 12 yaşında ikәn çәkmişdir. 1913 ildә Moskva Boyakarlıq, Heykәltәraşlıq vә Memarlıq Mәktәbinin hazırlıq şöbәsinә daxil olmuş, lakin Rusiyadakı inqilabi hadisәlәr sәbәbindәn tәhsilini yarımçıq qoymuşdur. Birinci dünya müharibәsindәn sonra Türkiyәyә getmiş vә ömrünün sonunadәk orada yaşamışdır. 1923 ildә İstanbulda Sәnaye-i Nәfisә Mәktәbini bitirmişdir. İ.S. yaradıcılığında realizmә üstünlük vermiş, dünya incәsәnәtinin mütәrәqqi әnәnәlәrini davam etdirmişdir. Boyakarlığın müxtәlif janrlarında çoxlu tablolar (“Hotel” parkı tәrәfdәn Bursa şәhәrinin görünüşü”, “Anadolu sahilinin görünüşü”, “Qarxana rayonu”, “Sultaniyyә mәscidindәn bir görünüş”, “Mәnzәrә”, “Qadın portreti”, “Portret”, “Gәzәrgi musiqiçi Hafizin portreti”, “Zәrrux xanımın portreti” vә s.) yaratmışdır. Türk rәsm sәnәti tarixindә özünәmәxsus tәrzi ilә İ.S. fransız impressionistlәrinә yaxınlaşmışdır (“Burqas adası tәrәfdәn Anadolu sahillәrinin görünüşü”, “Bursa dağında düzәnlik”, “Bosfordan bir mәnzәrә”, “Qış mәnzәrәsi”, “Anadolunun görünüşü” vә s.). Türkiyә, Fransa, Avstriya, ABŞ, İsveçrә vә s. ölkәlәrdә fәrdi sәrgilәri keçirilmişdir. Mәnzәrә, portret vә natürmortlardan ibarәt bәzi әsәrlәrini N.Gәncәvi ad. Milli Azәrb. Ədәbiyyatı Muzeyinә bağışlamışdır. Bir neçә әsәri 1989 ildә Bakıda keçirilәn “Əzizim vәtәn yaxşı...” sәrgisinin ekzpozisiyasına daxil edilmişdi. Əsәrlәri Türkiyәdә vә dünya muzeylәrindә, o cümlәdәn şәxsi kolleksiyalarda, Azәrb. Milli İncәsәnәt Muzeyindә saxlanılır.

İbrahim Sәfi. “Çamlıcadan İstanbula baxış”. 1978. Şәxsi kolleksiya.
Əd.: Z a m a n o v A., N ә c ә f o v M. Rәssam İbrahim Sәfi, “Ədәbiyyat vә incәsәnәt” qәzeti, 1969, 15 mart; “Əzizim vәtәn yaxşı...” sәrgisinin kataloqu. B., 1989.










