İBRAHİMXƏLİL XAN (tәqr. 1726 – 12.6.1806, Şuşa yaxınlığında Xanbağı) – Qarabağ xanı [1760/61–1806], Pәnahәli xanın oğlu. İ.x.-ın hakimiyyәti illәrindә Qarabağ xanlığı güclәndi, әrazisi xeyli genişlәndi, Rusiya vә Gürcüstanla dostluq münasibәtlәri yarandı. O, avar xanı Ümmә xanın bacısı ilә evlәnәrәk özünә güclü müttәfiq qazandı. İ.x. müәyyәn dövrlәrdә öz nüfuzunu Naxçıvan, Gәncә vә Tәbriz xanlıqlarına da yaya bildi. Georgiyevsk müqavilәsi (1783) bağlandıqdan sonra II İrakli İ.x.-ı Gәncәdәn sıxışdırmağa çalışsa da, İ.x. gürcü çarının nümayәndәlәrinin Gәncәdәn qovulmasına nail oldu. II İrakli Rusiyanın hakim dairәlәri ilә birlikdә Qarabağın xristian mәlikliklәrini xana qarşı qızışdırmağa başladı. Qubalı Fәtәli xanın ölümündәn (1789) sonra İ.x. II İrakli ilә münasibәtlәrini nizamlaya bildi. Ağa Mәhәmmәd xan Qacarın hücumu әrәfәsindә Azәrb.-ın şm.-ında çox mürәkkәb siyasi vәziyyәt mövcud idi. 1795 il iyunun axırlarında Ağa Mәhәmmәd xan Qacar Qarabağ üzәrinә qәti hücuma keçdi, Şuşa mühasirәyә alındı. Az sonra Ağa Mәhәmmәd xan İ.x.-ı yola gәtirmәk üçün danışıqlara başladı. İ.x. ilә Qacarın elçisi Pirqulu xan arasında aparılan danışıqlar heç bir nәticә vermәdiyindәn, 33 günlük mühasirәdәn sonra 1795 il avqustun әvvәllәrindә Ağa Mәhәmmәd xan Gürcüstana yollandı. 1796 ildә gen. V.A. Zubovun komandanlığı ilә rus qoşunları Azәrb.-a daxil oldu. İ.x. V.A. Zubovun yanına nümayәndә heyәti göndәrib Rusiyanın himayәsini qәbul etdiyini bildirdi. Lakin 1797 ilin yazında rus qoşunu Azәrb.-ı tәrk etdi. Bundan istifadә edәn Ağa Mәhәmmәd şah elә hәmin vaxt yenidәn Şuşaya hücum etdi. Aclıq vә xәstәliklәrin şiddәtlәnmәsi şәraitindә şәhәrin müdafiәsinin mümkünsüzlüyünü başa düşәn İ.x. Şuşanı tәrk edәrәk, öz ailәsi ilә birlikdә Car-Balakәnә getdi. Şuşa әlә keçirildi. Lakin Ağa Mәhәmmәd şah suiqәsd nәticәsindә Şuşada öldürüldü (1797) vә İran qoşunu Qarabağdan çәkildi. Az sonra İ.x. yaxın adamları ilә birlikdә Şuşaya qayıtdı vә hakimiyyәti yenidәn әlә aldı. 1805 il mayın 14-dә Kürәkçay müqavilәsini imzalayan İ.x. Rusiyanın himayәsini qәbul etdi. 1806 ilin yayında 20 minlik İran ordusu Abbas Mirzәnin başçılığı ilә Şuşaya hücuma keçdi. Şuşadakı rus qarnizonunun rәisi mayor Lisaneviç İ.x.-ı ailә üzvlәri ilә birlikdә qәtlә yetirdi.










