İBRAHİMOV Renat İslam oğlu (20.11.1947, Ukrayna SSR, Lvov ş. – 14.5.2022, Moskva) – tatar müğәnnisi (bariton), bәstәkar, aktyor. Rusiyanın (1981), Tat. Resp.-nın (1981) xalq artisti vә Dövlәt mükafatı laureatı (1979). Kazan Dövlәt Konservatoriyasını (1973) bitirmişdir. 1973–89 illәrdә M.Cәlil ad. Tat. Akademik Opera vә Balet Teatrında çalışmış, Eskamilyo (“Karmen”, J.Bize), Valentin (“Faust”, Ş.Quno), Yevgeni Onegin (“Yevgeni Onegin”, P.İ.Çaykovski), Yeletski (“Qaratoxmaq qadın”, P.İ.Çaykovski) vә b. partiyaları ifa etmişdir. V Ümumittifaq estrada artistlәri müsabiqәsinin laureatı (1974) olmuşdur. 1975 ildә Soçidә keçirilәn “Qırmızı qәrәnfil” mahnı müsabiqәsindә baş mükafata layiq görülmüş, bu müsabiqәdәn sonra geniş şöhrәt qazanmışdır. Bir sıra kino filmlәrә çәkilmişdir (“İtalyan sazişi”, 1993; “Qәdim bulqarların dastanı. Çingiz xanın qızının sevgi dastanı”, 2005, vә s.). “İş işdir” (2007) vә “Lövhәyә çıx” (2011) kinofilmlәrinin rej.-dur. 1999 ildәn Moskvada özünün yaratdığı “Renat İbrahimovun Mahnı Teatrı”nın bәdii rәhbәri olmuşdur. İ.-un repertuarına xalq vә estrada mahnıları, opera kompozisiyaları daxil idi. “Aşiq bahar”, “Bizim şәhәr”, “Qadınlara gül verin”, “Niyә ürәyim narahatdır”, “Musiqini mәnә qaytar”, “Qoca ağcaqayın”vә s. mahnıları mәşhurdur. Haqqında “Oxuyur Renat İbrahimov” filmkonserti (1979), “Renat İbrahimov. Hәyat vә mәhәbbәt haqqında” (2018) sәnәdli filmi çәkilmişdir.










