İBRAHİMOV Tağı (Ş a h i n) Əbdülqasım oğlu (1916, Tәbriz – 14.4.1998, Bakı) –Azәrb. tarixçisi, tarix e.d. (1973). Bakı Ali Partiya Mәktәbini (1951), Azәrb. Dövlәt Un-tinin aspiranturasını (1955) bitirmişdir. 1935 ildә İran Kommunist Partiyasına daxil olmuş, hәmin partiyaya qarşı aparılan repressiyalar zamanı hәbs edilmiş vә 5 il Tehran hәbsxanasında (Qәsre-Qacar) saxlanılmışdır. Azad edildikdәn sonra İran Xalq Partiyasının yaradılmasında iştirak etmişdir. 1945 ildә Tәbrizdә Azәrbaycan Demokrat Firqәsinin (ADF) yaradılmasında yaxından iştirak etmiş, ADF Mәrkәzi Komitәsinin üzvü seçilmişdir. Milli hökumәtin qurulmasında fәal iştirak edәn İ. Nazirlәr Şurasında katib vәzifәsindә işlәmiş, Nәzarәt Komissiyasının üzvü olmuşdur. 1946 ildә Urmiya valisi tәyin edilmişdir. Tehran hökumәti ilә Azәrb. Milli hökumәti arasında imzalanan müqavilәdәn sonra ADF Mәrkәzi Komitәsinin aparatında işlәmiş, komitәnin mәlumat bürosunun rәhbәri, eyni zamanda S.C.Pişәvәrinin şәxsi katibi olmuşdur. 1946 ilin dekabrında Bakıya mühacirәt etmişdir. 1958 ildәn Azәrb. EA Şәrqşünaslıq İn-tunda çalışmışdır. Əsas tәdqiqat sahәsi Cәnubi Azәrb.-da baş verәn ictimai-siyasi proseslәr vә azadlıq hәrәkatı tarixi idi.
Ə s ә r l ә r i: İran Kommunist Partiyasının yaranması. B., 1963; İranda siyasi cәmiyyәtlәr vә tәşkilatların yaranması vә fәaliyyәti (1858–1906). B., 1967; Birinci dünya müharibәsi dövründә İranın Cәnub vә Qәrb rayonlarında milli azadlıq hәrәkatı. B.,1982.










