İBTİDAİ İCMA CƏMİYYƏTİ, i b t i d a i c ә m i y y ә t, t a r i x ә q ә d ә r k i c ә m i y y ә t, i b t i d a i l i k – bәşәriyyәt tarixindә xüsusi mülkiyyәtin, sosial tәbәqәlәşmәnin, dövlәtin vә yazı sisteminin (sivilizasiyanın) olmaması ilә sәciyyәlәnәn ilkin dövr. İ.İ.C. haqqında әsas biliklәr arxeoloji, sosial-mәdәni vә fiziki antropologiya, hәmçinin folklorşünaslıq mәlumatlarına әsaslanır.
İbtidailik anlayışı 18–19 әsrlәrdә formalaşmışdır. A.Fergüson vә L.H.Morqana görә ibtidailiyin ilk dövrlәşmәsi ”vәhşilik “ vә “barbarlıq” mәrhәlәlәrinә uyğundur. Arxeoloji dövrlәşmәdә İ.İ.C,. adәtәn, Daş dövrü, onun sonu isә Erkәn Metal dövrü ilә üst-üstә düşür. İ.İ.C. haqqında nәzәriyyә onu tarixdә ilk ictimai-iqtisadi formasiya –“ibtidai icma quruluşu”, yaxud “ibtidai kommunizm” kimi müәyyәnlәşdirәn marksist cәmiyyәtşünaslıq tәlimindә daha dolğun inkişaf etmişdir. İ.İ.C.-nin dövrlәşdirilmәsindә uzun müddәt “matriarxat” vә “patriarxat” kimi hipotetik dövrlәr fәrqlәndirilirdi. 20 әsrdә sovet alimlәri P.P.Yefimenko, M.O.Kosven, A.İ.Perşits vә b.mülkiyyәt formaları vә ailә münasibәtlәrinin tәkamülünә, әmәk bölgüsü sәviyyәsinә vә s. meyarlara әsaslanaraq İ.İ.C.-nin dövrlәşdirilmәsini tәklif etmişdilәr: ailә vә nikahın olmaması (promiskuitet) ilә sәciyyәlәnәn “ibtidai sürü”; formalaşmış qәbilә vә ibtidai icma institutları olan “icma-qәbilә quruluşu”; maldarlığın, kotan әkinçiliyi vә metal emalının, istismarın vә xüsusi mülkiyyәtin meydana gәldiyi vә nәticәdә icma-qәbilә quruluşunun dağıldığı “son ibtidai icma cәmiyyәti”. Son İ.İ.C. dövründә potestar tәşkilatlanmanın ilkin forması olan icma birliyi yaranmışdır. İ.İ.C. dövrü dövlәtlәrin meydana gәlmәsi ilә sona çatır.

İbtidai incәsәnәt: 1 – daş sütun üzәrindә öküz, tülkü vә durnanın qabarıq tәsvirlәri. Göbәkli Tәpә. Türkiyә. E.ә. 9600–8800; 2 – Villendorf (Aşağı Avstriya) tapılmış “Villendorf Venerası”. Əhәngdaşı. Yuxarı Paleolit. Tәbiәt Tarixi Muzeyi. Vyana; 3 – insanların, qayığın vә yağışın stilizә olunmuş qayaüstü tәsvirlәri. Yuxarı Paleolit. Qobustan; 4 – “Nizә ilә vurulmuş bizon”. Nyo mağarasının boyakarlıq tәsvirlәrindәn. Aryej departamenti. Fransa. Yuxarı Paleolit; 5 – “Yaralanmış bizon”. Altamira mağarasının boyakarlıq tәsvirlәrindәn. İspaniya. Yuxarı Paleolit.










