İCMAİ CÜCÜLƏR, i c m a c ü c ü l ә r i – mövsümi vә ya çoxillik ailәlәr yaradan cücülәr. Yüksәk inkişaf etmiş İ.c. üçün birgә tikilmiş yuvada yaşamaq, nәslә qulluq, bir neçә nәslin birlikdә olması vә fәrdlәr arasında vәzifә bölgüsü (polietizm) sәciyyәvidir. Ailәlәr çoxalmağa cavabdeh olan cinsi yetkinliyә çatmış dişi vә erkәk fәrdlәrdәn vә qalan bütün zәruri funksiyaları yerinә yetirәn müvәqqәti (yaşına görә) vә ya daimi ixtisaslaşmış nәsil vermәyәn cücülәrdәn (işçilәr, әsgәrlәr vә b.) ibarәtdir. Ailәlәrin hәyat fәaliyyәtinin tәnzimlәnmәsi inkişaf vә davranışları kimyәvi (hormonlar, feromonlar), görmә, vibrasiya vә digәr siqnallarla müәyyәn olunan bütün fәrdlәr arasında qidanın bölüşdürülmәsi yolu ilә hәyata keçirilir. İ.c.-in әksәriyyәti pәrdәqanadlılar dәstәsinә aiddir. “Sosial tәşkilat” (İcma tәşkili) bütün qarışqalara xasdır; arılar vә eşşәk arılarında tәk yaşam tәrzindәn icmaiyә keçidlәri müşahidә etmәk olar; termitlәr dәstәsi bütünlüklә icmai növlәrlә tәmsil olunur. İcmai davranışın ayrı-ayrı elementlәri b. cücülәrdә, mәs., sәrtqanadlılarda, tripslәrdә, mәnәnәlәrdә, dәriqanadlılarda da aşkar edilmişdir.










