İCOLAR (özlәrini i j o, i j a u, i z o adlandırırlar) – Nigeriyanın c.-unda xalq. Nigerin deltasında yaşayırlar. Mәrkәzi, yaxud qәrbi İ. (kolokumalar, meinlәr, operemolar vә b.; izon dilindә danışırlar; sayları 1,6 mln. nәfәrdir), aşağı, yaxud cәnub-şәrqi İ. (nembelәr vә akassalar; cәnub-şәrqi ico dilindә danışırlar; sayları 130 min nәfәrdir), şәrqi İ. (kalabarilәr – 325 min nәfәr, okrikalar – 294 min nәfәr, kirike dilindә danışırlar; bonnilәr, ibanilәr, yaxud ubanilәr – 78 min nәfәr, ibani dilindә danışırlar; nkorolar – 5,7 min nәfәr), şimali, yaxud daxili İ. (bisenilәr, yaxud amegilәr – 9 min nәfәr, okordialar, yaxud akitalar – 6,5 min nәfәr, orumalar – 6 min nәfәr) qruplarına bölünürlәr. Hәmçinin Avropa vә Şimali Amerika ölkәlәrindә yaşayırlar. İ.-ın yarıdan çoxu xristian, tәqr. 15 %-i müsәlmandır; 30%-i әnәnәvi inanclarlını qoruyub saxlayır. Tәdqiqatçıların әksәriyyәti İ.-ı Niger deltasının әn qәdim sakinlәri hesab edir. Uzun müddәt әrzindә Qәdim Beninә bac verirdilәr. 14–16 әsrlәrdә Bonni (İbani), Brass (Nembe), Okrika, Yeni Kalabar (Elem Kalabar, yaxud Ovome) ticari şәhәrdövlәtlәrini yaratdılar. 17–19 әsrlәrdә bu şәhәrlәr Qul Sahili transatlantika qul alverinin әn iri mәrkәzlәri idi. 19 әsrdә onlar palma yağı vә yams ticarәtinә (1869 ildәn bu ticarәtdә әsas rolu Opobo ş. oynayırdı) keçdilәr. Əsas mәşğuliyyәtlәri balıqçılıq vә ticarәtdir, keçmişdә dәniz suyundan duz hasil olunurdu. Əkinçilik zәif inkişaf etmişdir; kalabarilәr vә bәzi digәr qruplar yams, maniok, tәrәvәz becәrirlәr. Qayıq hazırlanması inkişaf etmişdir. Qadınlar dulusçuluqla mәşğuldurlar. Ticarәt gәmilәrinә, neft vә qaz müәssisәlәrinә, şәhәrlәrә mövsümçülük yayılmışdır. Bayelsa vә Rivers ştatların da ziyalılar vә mәmurlar tәbәqәsi formalaşmışdır. 20 әsrin sonlarından İ.-ın siyasi hәrәkatları hәm Nigeriyada (İco milli konqresi, İco xalqının mövcudluğunun saxlanılması uğrunda hәrәkat, İco gәnclәri şurası), hәm dә xaricdә (Xarici ico cәmiyyәtlәrinin şurası) mövcuddur; Niger deltasında neft çıxarılmasına qarşı etirazlar 1997 ildәn federal qoşunlarla toqquşmalara gәtirib çıxardı.
Ənәnәvi mәdәniyyәtlәri Qәrbi Afrikanın Qvineya yarımvilayәti üçün sәciyyәvidir. Dirәkli evlәri dördkünc plandadır. Qohumluğu ata xәtti ilә hesablanan qәbilәlәr (ibe) mövcuddur. Nikah virilokaldır, poliginiya, nikah ödәnci, qızqaçırtma yayılmışdır. Kәnd icmaları (ama) böyük ailәlәrdәn (vari) ibarәtdir. Kişi vә qadın gizli ittifaqları fәaliyyәt göstәrirdi. Ənәnәvi inancları әcdadlara, tәbiәt qüvvәlәrinә, müharibә ruhlarına sitayişdir. Ağac üzәrindә oymayayılmışdır. Maskaların әksәriyyәti su ruhları ilә әlaqәdardır. Heykәltәraşlıq pannoları (duen fobara) sәciyyәvidir.










