İCTİMAİ BİRLİK – müәyyәn mәqsәdlә ümumi maraq әtrafında birlәşәn bir neçә fiziki vә (vә ya) hüquqi şәxs tәrәfindәn yaradılmış könüllü, özünüidarәedәn, fәaliyyәtinin әsas mәqsәdi kimi gәlir götürmәyi nәzәrdә tutmayan vә әldә edilәn gәliri üzvlәri arasında bölmәyәn qeyri-hökumәt tәşkilatı.
İ.b.-lәr öz üzvlәrinin sosial-iqtisadi, mәdәni vә digәr qeyri-siyasi maraqlarını müdafiә edir, onların hüquq vә azadlıqlarının qorunması, cәmiyyәtin inkişafı üçün çalışır, hakimiyyәt orqanları qarşısında tәlәb vә tәkliflәr irәli sürür. İ.b.-lәrin mәqsәd vә vәzifәlәri çoxsaylı digәr birlik vә qruplaşmalardan (mәs., dini birliklәr, maraq üzrә klublar, sәhmdar cәmiyyәtlәri) fәrqlәnir. Əvvәllәr İ.b.-lәrin hüquqi statusu assosiasiyalar haqqında ümumi qanunlarla müәyyәnlәşdirilirdi. Lakin hazırda, bir qayda olaraq, İ.b.-lәrin xüsusi növlәrindәn olan siyasi partiyalar vә digәr tәşkilatlar (hәmkarlar ittifaqları, mәdәniyyәt, idman vә s. sahәlәrdәki birliklәr) haqqında ayrıca qanunlar qәbul edilir.
Azәrb. Resp.-nda “Qeyri-hökumәt tәşkilatları (ictimai birliklәr vә fondlar) haqqında” (2000) qanun, “Siyasi partiyalar haqqında” qanun vә digәr növ birliklәr haqqında qanunlar qüvvәdәdir. Azәrb. Resp.-nda hәr bir fiziki vә hüquqi şәxs (dövlәt hakimiyyәti vә yerli özünüidarә orqanları istisna olmaqla) İ.b.-in üzvü ola bilәr. İ.b.-in üzvlәri bәrabәrhüquqludurlar. Onlar İ.b.-lәrin rәhbәr orqanlarına seçә vә seçilә, fәaliyyәtindә iştirak edә, rәhbәr orqanların fәaliyyәtini nәzarәtdә saxlaya, nizamnamә ilә nәzәrdә tutulmuş digәr hüquqlar daşıya bilәrlәr. Üzvlәr nizamnamәdәn irәli gәlәn vәzifәlәri yerinә yetirmәyә borcludurlar. İ.b.-ә üzvlük vә üzvlüyә xitam verilmәsi mәsәlәlәri dә nizamnamә ilә müәyyәn edilir. Nizamnamә İ.b.-in üzvlüyünә xitam verilmәsindәn birlikdaxili vә mәhkәmәyә şikayәt hüququna tәminat vermәlidir. İ.b. dövlәt qeydiyyatına alındıqdan sonra otuz gün müddәtindә üzvlәrinin reyestrini aparmalıdır.










