İCTİMAİ MÜQAVİLƏ – sosial fәlsәfә anlayışı; dövlәtin insanlar arasındakı azad razılaşmanın nәticәsi olması haqqında konsepsiyaya әsaslanır. Bu konsepsiyaya әsasәn öz tәbii vәziyyәtindә olan insanlar ümumi razılığa görә, doğulduqları andan onlara mәxsus tәbii hüquqları qanunla etibarlı şәkildә qoruyan vә bu yolla mülki hәyatı başladan institut yaradırlar.
Dövlәtin müqavilәli quruluşu ideyası hәlә antik dövrdә mövcud idi (sofistlәr, Epikür, Lukretsi). Orta әsrlәrdә Foma Akvinalı bu ideyanı dünyәvi dövlәtә şamil etmәklә әbәdi Allah şәhәri – xristian Kilsәsindәn fәrqli olaraq, insanların yaratdığı bu institutun müvәqqәti vә nisbi tәbiәtini vurğulayırdı. Yeni dövrün mütәfәkkirlәri Q. Qrotsi, T. Hobbs, S. Pufendorf, A. Sidni, C.Lokk, J.J.Russo vә b.-nda İ.m. konsepsiyası daha dolğun inkişafını tapdı. Qrotsiyә görә, insanlar tәbii hüquq prinsiplәrini reallaşdıraraq, dövlәt – hüquqa riayәt edilmәsi vә ümumi fayda naminә azad insanların bağladıqları mükәmmәl ittifaq yaradırlar. Saziş nәticәsindә yaradılmış dövlәtdә ali hakimiyyәtin sәlahiyyәtlәri insanlara әdalәt normalarına uyğun yaşamağı әmr edәn tәbiәtin vә insan cәmiyyәtinin qanunları ilә mәhdudlaşır. Bu normalar hәm vәtәndaşlar, hәm dә hakimiyyәt üçün eynidir. İ.m.-nin müxtәlif nәzәriyyәçilәri tәbii vәziyyәt, dövlәtin xeyrinә özgәninkilәşdirilmiş hüquqlar vә xalq suverenliyi mәsәlәlәrini müxtәlif şәkildә şәrh etmişlәr. Mәs., Hobbs insanların tәbii vәziyyәtini “hamının hamı ilә müharibәsi”, insanı isә ifrat eqoist tәbiәtә malik varlıq sayaraq, cәmiyyәtdә ilk növbәdә sülhә vә tәhlükәsizliyә qarant olan dövlәtin tәsis edilmәsini İ.m. ilә әlaqәlәndirirdi. Buna görә insanlar dövlәtә öz tәbii hüquqlarını verir vә öz azadlıqlarını mәhdudlaşdırırlar. Hobbsda dövlәt mütlәq hakimiyyәtә malikdir. Lokkun inkişaf etdirdiyi liberal İ.m. konsepsiyası bu ideyadan çıxış edir ki, insanlar dövlәtdә birlәşmәklә şәxsi azadlıq, inanc azadlığı, mülkiyyәt toxunulmazlığı kimi ayrılmaz tәbii hüquqlarının qorunması naminә öz hüquqlarının kiçik bir hissәsini dövlәtә verir. Hakimiyyәt bu hüquqları qorumalıdır, amma o, öz vәzifәsini yerinә yetirmәyib İ.m.-ni pozarsa, xalq bu cür hakimiyyәti devirmәk hüququna malikdir. Russo vәtәndaş cәmiyyәtinin qurulması vәzifәsini İ.m. ilә әlaqәlәndirir, İ.m.-ni hökmdarla tәbәәlәri arasında bağlanmış müqavilә kimi deyil, bәrabәr sәviyyәli, eyni şәrtlәrlә üzәrilәrinә öhdәliklәr götürәn, eyni hüquqlardan istifadә edәn tәrәflәr arasındakı müqavilә kimi nәzәrdәn keçirirdi. Qanunverici hakimiyyәt, yәni “suveren” xalqın özüdür. Bu zaman Russo ayrı-ayrı şәxslәrin iradәsi ilә ümumi maraqları güdәn vә aktları ilә qanunlar qәbul edilәn “ümumi iradә”ni (volonte generale) fәrqlәndirirdi.
İ.m. haqqında tәlim yarandığı dövrün tarixi şәraiti kontekstindә formalaşırdı: T.Hobbs üçün bu, İngiltәrәdәki vәtәndaş müharibәsi, C.Lokk üçün monarxiyanın konstitusiyalı mәhdudlaşdırılmasına ehtiyac olduğu dövr idi. Lakin buna baxmayaraq, onlar normativ fәlsәfi arqumentlәrdәn istifadә edir, dövlәtin yaranmasının real tarixi şәraitini bir kәnara qoyub, bu yaranmanın qanunauyğun hesab edilә bilәn şәrtlәrinin üzә çıxarılması ilә maraqlanırdılar.
İ.m. nәzәriyyәsi vә onunla bağlı olan xalq suverenliyi ideyası Avropa vә Amerikanın sosial-siyasi inkişafına güclü tәsir göstәrmişdir. Dövlәt hakimiyyәtinin ilahi mәnşәyi haqqında konsepsiyalara alternativ olaraq meydana gәlmiş İ.m. nәzәriyyәsi İngiltәrә vә Fransada mütlәq monarxiyaların devrilmәsinә, Şimali Amerikada konstitusiyalı respublika quruluşunun bәrqәrar olmasına bәraәt qazandırmışdı. Müasir demokratik ölkәlәrdә mövcud hakimiyyәtin ümumxalq seçkilәri nәticәsindә mütәmadi seçilmәsi tәcrübәsi (mahiyyәtcә hәr seçki yeni İ.m.-nin bağlanması demәkdir) onun sonrakı yekunlarından biri olmuşdur.
20 әsrdә әdalәtli cәmiyyәt quruluşu prinsiplәrinin üzә çıxarılması zamanı müqavilә nәzәriyyәsinә müraciәt edildiyinә görә, siyasi fәlsәfәyә dair tәdqiqatlarda İ.m. konsepsiyaları yeni impuls qazandı. Bu tәdqiqatların әn әhәmiyyәtlilәri C.Rolzun etiksiyasi әdalәt konsepsiyası, C.Byukenenin ictimai seçim iqtisadi nәzәriyyәsi, D.Qotyenin müqavilәli әxlaq nәzәriyyәsidir.










