İDARƏEDİCİ HESABLAMA MAŞINI (İHM) – mürәkkәb aqreqat, proses, maşın, sistem, yaxud qarşılıqlı әlaqәdar obyektlәrin avtomatik vә ya avtomatlaşdırılmış sistemlәrinin tәrkibindә bir bәnd kimi istifadә olunan EHM. İHM idarәetmә prosesindә daxil olan verilәnlәri emal edir, insan-operator üçün informasiya verir, ya da idarә edici siqnallar vasitәsilә obyektin icraedici orqanlarına tәsir edir. Sәnayedә (texnoloji proseslәrin idarәedilmәsi), energetikada (enerji bloklarının, paylaşdırıcı qurğuların idarәedilmәsi), elmi tәdqiqatlarda (mürәkkәb qurğuların, ölçmә komplekslәrinin idarә edilmәsi) daha geniş yayılmışdır. İHM üçün yüksәk etibarlı iş; obyektlә rabitә üçün informasiyanın avtomatik qәbulu vә verilmәsinә hesablanmış qurğuların mövcudluğu; yaddaş qurğularının hәcminin böyüklüyü; idarәetmә alqoritmlәrinin reallaşdırılması üçün yüksәk sürәt vә s. xarakterikdir. İHM kimi, adәtәn, ümumi tә yinatlı EHM-lәrdәn istifadә olunur.










