İDARƏETMƏ – tәbii (tәkamüli), yaxud süni yolla yaranmış mütәşәkkil sistemlәrin funksiyası. Süni (texniki), bioloji, sosial (iqtisadi, siyasi) vә digәr sistemlәrdәki İ.fәrqlәndirilir.
S ü n i s i s t e m l ә r d ә İ. obyektә (prosesә) sistemin lazımi vәziyyәtdә saxlanmasını, yaxud yeni vәziyyәtә (kibernetik sistemә) keçidini tәmin edәn tәsirlәr mәcmusundan ibarәtdir; o, zәruri informasiyanın toplanmasını vә emalını, bunun әsasında mәqsәdyönlü qәrarın qәbul edilmәsini nәzәrdә tutur.
B i o l o j i s i s t e m l ә r d ә İ.-nin 2 sәviyyәsi var: orqanizmlә әlaqәli vә davranışla әlaqәli; birinci sәviyyә genetik xarakter daşıyır vә növün, yaxud ekosistemin özünü qorumasına yönәlmişdir; ikinci sәviyyә orqanizmin xarici mühitlә qarşılıqlı fәaliyyәtini tәmin edir.
S o s i a l s i s t e m l ә r d ә instrumental vә simvolik vasitәlәr sistemi kimi İ.-nin xüsusi sәviyyәsi olaraq mәdәniyyәt inkişaf edir vә burada normalar, dәyәrlәr, әnәnәlәr, institutlar xüsusi rol oynayır.
Sosial İ.-dә 3 komponenti ayırmaq mümkündür: 1) obyektә mәqsәdyönlü tәsir; bu cür tәsir hәm xarici, hәm dә daxili (özünüidarә) ola bilәr; 2) sosial özünütәşkil, yaxud kollektivdaxili tәnzimlәmәdә spontan proseslәr (liderlik, qeyri-formal tәşkilatlanma, sosial normalar); 3) әvvәlki iki komponentin nәticәsi olan tәşkilati nizam. Sosial planlaşdırma vә layihәlәndirmә sosial İ.-nin mühüm tәrkib hissәsidir. Sosial İ.-nin obyektlәri fәrd, qrup, tәşkilat, digәr qurum vә proseslәrdir.
İ. problemlәrinә maraq hәlә antik dövrdә yaransa da, yalnız 18–19 әsrlәrdә sәnaye inqilabının başlaması, elәcә dә bazar iqtisadiyyatlı tәsәrrüfat sisteminin inkişafı ilә әmәyin planlı tәşkili vә inzibatçılıq problemi müzakirә predmetinә çevrildi, elmi İ.-nin intensiv inkişafının әsası qoyuldu. 19–20 әsrlәrdә әsas menecment mәktәblәri formalaşdı.
20 әsrin sonlarından İ. sosiologiyası çәrçivәsindә tәşkilati diaqnostika, qәrarların işlәnib hazırlanması vә real dәyişikliklәrin hәyata keçirilmәsini ehtiva edәn idarәçilik mәslәhәtlәşmәsi inkişafdadır. Aktual problemlәrin hәlli üçün konkret proqram vә tәkliflәri işlәyib hazırlayan tәtbiqi politologiya sosial İ.-nin yeni istiqamәtlәrindәn biridir.
Kibernetika, informasiya nәzәriyyәsi prinsiplәrinә әsaslanan İ. nәzәriyyәsi müxtәlif proseslәrin idarә olunması metodlarını işlәyib hazırlayır. İ. nәzәriyyәsindә İ. obyekti, İ. sistemi, idarәçilik münasibәtlәri, hәmçinin İ. obyektinin giriş vә çıxış siqnalları, daxili parametrlәri, İ. sisteminin idarәedici tәsirlәri fәrqlәndirilir. İ. nәzәriyyәsinin baza metodlarına sistemli tәhlil әsasında obyektin riyazi modelinin qurulması, mәqsәdlәrin müәyyәnlәşdirilmәsi, statik vә dinamik proseslәr, fәaliyyәtin müxtәlif rejimlәri üçün alqoritmin işlәnib hazırlanması vә s. aiddir.
T e x n i k a d a İ. texniki obyektin vәziyyәtinin vә ya parametrlәrinin tәlәb olunan fәaliyyәt alqoritminә uyğun mәqsәdyönlü dәyişdirilmәsidir. İ.-nin obyekti texnologiya (faydalı qazıntıların hasilatı, xammalın, materialların vә mәmulatların emalı), energetika (enerjinin istehsalı, ötürülmәsi vә paylaşdırılması), nәql. (yüklәrin vә sәrnişinlәrin daşınması), informasiya (mәlumatların toplanması, emalı, ötürülmәsi vә saxlanılması) sahәlәrindәki proseslәrdir. I. alqoritmi (proqram) idarәolunan obyektin ilkin vә cari vәziyyәti, ona tәsir edәn amillәr, nәzәrdә tutulmuş mәqsәdә çatmaq üçün mümkün olan üsul vә vasitәlәr haqqındakı informasiyaya әsaslanaraq qurulur. Obyektlәrin idarәedilmәsi bu proqrama uyğun olaraq onlara bilavasitә insan tәrәfindәn (әl ilә İ.), yaxud avtomatik idarәedәn qurğu, o cümlәdәn EHM ilә tәsir göstәrmәklә hәyata keçirilir (bax Avtomatik idarәetmә, Avtomatlaşdırılmış idarәetmә, Avtomatlaşdırılmış idarәetmә sistemi). İ. funksiyasının maşınlara, avtomatik idarәetmә sistemlәri vә proseslәrinә ötürülmәsi istehsalatın avtomatlaşdırılmasının mahiyyәtidir. Avtomatlaşdırmanın ilkin mәrhәlәsindә yalnız texniki obyektlәrin parametrlәrinin sabitliyi idarә edilirdi (bax Avtomatik tәnzimlәmә). Sonralar İ.-nin funksiyaları genişlәndirilәrәk proqramla İ. sistemlәri, izlәyici sistemlәr, optimal İ., özüuyğunlaşan (adaptiv) sistemlәr vә s. yaradıldı.
Personalı İ., k a d r m e n e c m e n t i tәşkilatın inzibati heyәtinin kadr siyasәti ilә әlaqәdar mәqsәdyönlü fәaliyyәtidir. Personalı İ. muzdla işә götürmә, işçi seçimi, işә qәbul prosedurlarını, qiymәtlәndirmә, peşә yönünün müәyyәnlәşdirilmәsi, adaptasiya vә tәlim, xidmәti peşәkarlığın idarә olunması, әmәyin tәşkili, sosial inkişaf vә s.-ni ehtiva edir. Personalı İ.-nin әsas mәqsәdi tәşkilatın intellektual potensialından effektiv istifadә, rәqabәt qabiliyyәtinin, gәlirin, sәmәrәliliyin yüksәldilmәsidir.
Personalı İ.-nin 4 әsas modeli var: Yaponiya (“yumşaq” yanaşma, ömürlük muzdluluq, klançılıq), Amerika (“sәrt” yanaşma, iyerarxiya, nәticәyә görә әmәk-haqqı), Avropa (mәrkәzsizlәşdirmә, karyeranın dinamik inkişafı, fәrdilәşdirmә) vә Rusiya (kollektivizm, eyni vәzifәlәrin tәkrarlanması, qarışıq әmәkhaqqı növü).
Personalı İ. strukturu kadrlarla iş vә tәminat bölmәlәrindәn ibarәt olur. Kadrlarla mәşğul olan bölmәlәrin әmәkdaşları әmәk resurslarını effektiv istifadә etmәk üçün rәqabәt mexanizminin tәsirini anlamalı; müәssisә personalı tәrkibinin kәmiyyәt vә keyfiyyәtcә müәssisәnin cari siyasәtinә, әmәk bazarı vә nәzәrdә tutulan inkişaf perspektivlәrinә uyğunluğunu müәyyәnlәşdirmәk üçün tәşkilati strukturun vә әmәk resurslarının sistemli auiditini keçirmәli; personalın rotasiyasının әsaslandırılmasına, ixtisasının artırılmasına, kadr ehtiyatının formalaşdırılmasına, әmәkdaşların stimullaşdırılması vә qeyri-maddi motivasiyası sisteminin qiymәtlәndirilmәsi üzrә tәkliflәr vermәlidir.










