İDEALİZM (yun. ίδέα – görünәn, görünüş, forma, anlayış, obraz) – idealı bu vә ya digәr formada (ideya, şüur, ruh, mütlәq vә s.) gerçәklik hesab edәn әsas fәlsәfi cәrәyanlardan biri. Termin kimi yeni Avropa fәlsәfәsindә 18 әsrdәn tәtbiq olunmağa başlasa da, müvafiq fәlsәfi tәlim hәlә qәdim yunan fәlsәfәsindә formalaşmışdı. İ. anlayışı çoxmәnalı olub, öz tarixi boyunca әhәmiyyәtli dәyişikliklәrә uğramışdır. Bunun nәticәsindә çox vaxt özündәn әvvәlki bütün fәlsәfә tarixi dә retrospektiv şәkildә yenidәn mәnalandırılmışdır. “İdeya”nın anlamına nәzәri-idraki, yaxud metafizik-dünyagörüşü aspektlәrindәn yanaşılmasından, hәmçinin hansı cәrәyanla qarşılaşdırılmasından asılı olaraq, İ. müxtәlif növlәrә ayrılır.
“İ.” terminini ilk dәfә tәtbiq edәn Q.V.Leybnits onu “görkәmli materialistlәr vә görkәmli idealistlәr” qarşıdurması kimi nәzәrdәn keçirirdi: “bәdәndә hәr şey elә baş verir ki, sanki can yoxdur” hipotezinә әsaslanan Epikürü vә tәrәfdarlarını birincilәrin, “canda hәr şey elә baş verir ki, sanki bәdәn ümumiyyәtlә yoxdur” hipotezinә әsaslanan Platonu vә tәrәfdarlarını isә ikincilәrin nümayәndәsi hesab edirdi. Leybnits karteziançılığın nümayәndәlәrini dә idealistlәr cәrgәsindә görürdü. Artıq 18 әsrdә “spiritualizm” (M. Mendelson vә b.) İ.-in sinonimi kimi çıxış edirdi. Mövcudluq kimi yalnız şәxsi canı qәbul edәn vә 18 әsrdә “eqoizm” adlandırılan cәrәyan (müasir dövrdә solipsizm adlandırılır) İ.-in ifrat forması idi.
İ.Kant vә T. Rid C.Berklini (o özü öz tәlimini “immaterializm” adlandırırdı) idealist metafizikanın banisi sayırdılar, lakin Rid C.Lokk vә D.Yummun fәlsәfәsini dә “ideal sistemlәr”ә, yaxud “ideyalar nәzәriyyәsi” nә aid edirdi. Bu fәrqliliyin sәbәbi “ideya”nın müxtәlif cür anlaşılması idi: ingilis vә fransız fәlsәfәsi üçün, demәk olar, bütün tәsәvvürlәr ideya ola bilәrdisә, alman әnәnәsi (Kantdan başlayaraq) üçün ideya qismindә fövqәlhissi vә ümumi sәciyyә daşıyan zәka anlayışı çıxış edirdi, ideyanın istәnilәn tәsәvvür qismindә mәnalandırılması isә qeyri-mümkün sayılırdı.
İ.Kant İ. anlayışından tәkcә opponentlәri ilә polemikada deyil, fәrdi mövqeyini müәyyәnlәşdirmәk üçün dә istifadә edirdi. O, formal vә maddi, yaxud psixoloji İ.-i fәrqlәndirirdi. Maddi, yaxud “adi” İ. “kәnar şeylәrin mövcudluğundan şübhәlәnir, yaxud onları inkar edir”; bizdәn kәnarda mәkan daxilindә predmetlәrin mövcudluğuna şübhә yarandıqda problematik (skeptik) İ.-dәn (R.Dekart), mәkandakı şeylәr tәxәyyül mәhsulu kimi qәbul edildikdә isә doqmatik, yaxud “mistik vә xәyali” İ.-dәn (C.Berkli) söhbәt gedir. Bizdәn kәnarda olan şeylәrin mövcudluğunu sübut olunmamış sayan bu cür İ.-i Kant “fәlsәfә vә ümumbәşәri zәka üçün qalmaqal” kimi dәyәrlәndirir, ona qarşı “Xalis zәkanın tәnqidi”ndә özünün formal, yaxud transsendental İ.-ni qoyurdu. Öz mövqeyinin Berkli tәlimi ilә eynilәşdirildiyini görәn Kant “Xalis zәkanın tәnqidi” әsәrinin 2-ci nәşrinә “İdealizmin inkarı” fәslini әlavә edir vә orada özünün formal, yaxud transsendental İ.-ni qarışıqlıq düşmәmәsi üçün hәm dә tәnqidi İ. adlandırmağı tәklif edir. Kanta görә, tәnqidi İ. mövcudluğu heç bir şübhә doğurmayan şeylәrә deyil, şeylәr haqqında hissi tәsәvvürlәrә aiddir. Lakin İ.Q.Fixte şeylәrin mövcudluğunun tanınmasına doqmatizm kimi yanaşır, onu aşmaq, eyni zamanda “hәqiqi İ.” sistemini qurmaq üçün fәlsәfәnin özülünә Mәn anlayışını qoyurdu. Kantda ideallığın vә reallığın qarşıdurması müşahidә olunurdusa, Fixtedә İ. vә realizmin müәyyәn bir sintez halında birlәşdirilmәsi cәhdi var idi.
F.V.Şellinq Fixtenin tәlimini “subyektiv” İ. kimi şәrh edir vә İ.-i “bütün tamlığı” ilә tәsәvvürә gәtirmәyә çalışırdı: onun qurduğu sistem transsendental fәlsәfә ilә natur fәlsәfәnin birlәşdirilmәsindәn ibarәt olub, “nisbi” vә “mütlәq” İ.-in fәrqlәndirilmәsi nәticәsindә terminoloji cәhәtdәn bitkin şәkil aldı.
G.V.F.Hegel dә Şellinq kimi hәr cür fәlsәfәni mahiyyәtcә İ. hesab edir, öz mövqeyini “mütlәq idealizm” kimi sәciyyәlәndirirdi: “yekun şeylәrin әsl müәyyәnliyi onların öz varlıq әsaslarının öz-özlәrindә deyil, ümumi ilahi ideyada olmasıdır”.
Almaniyada F.Şlegel, F.Şleyermaxer, Novalis vә b. da daxil olmaqla, İ.Kantdan G.V.F.Hegelә qәdәr olan bütün fәlsәfә alman idealizmi adlanır. Bu terminin geniş yayılmasına baxmayaraq, onun sәrhәdlәri çox yayğındır. Kant fәlsәfәsini alman İ.-nә aid etmәk olarmı, bu fәlsәfә Hegeldә, yoxsa A.Şopenhauerdә bitir, kimi suallar hәlә dә diskussiya doğurur.
19 әsrin ortalarında Hegelin mücәrrәd fәlsәfәsinin böhranı ilә yanaşı, fәlsәfi tәlim kimi İ. özü müxtәlif cәrәyanlara mәnsub mütәfәkkirlәr (S.Kyerkeqor, L.Feyerbax, K.Marks vә F.Engels, F.Nitsşe vә b.) tәrәfindәn tәnqidә mәruz qaldı. V.Diltey irәli sürdüyü dünyagörüşü tipologiyasında “naturalizm”i, “obyektiv idealizm”i vә “azadlıq idealizm”ini üç başlıca tip kimi ayırdı. Neohegelçiliyin müxtәlif variantlarında (ingilis mütlәq idealizmi vә s.) Hegel fәlsәfәsinin bәrpası ilә yanaşı, onun tәnqidi İ.-in yeni növlәrinin inkişafına tәkan verdi (mәs., S.N.Trubetskoyun “konkret idealizm”i). 20 әsrdә neopozitivizm vә analitik fәlsәfә İ.-in tәnqidi ilә çıxış etdi. Ümumәn 18–19 әsrlәr üçün sәciyyәvi olan İ. – materializm qarşıdurması 20 әsrdә aktuallığını itirdi vә klassik İ.-in problematikası müxtәlif fәlsәfi cәrәyanlarda diskussiya vә tәdqiq olundu.










