İDÉYA (yun. ίδέα – obraz, görünüş) – Avropa fәlsәfәsinin fundamental anlayışı; antik dövrdә “forma”, 17 әsrdәn isә “tәsәvvür, anlayış, fikir” mәnasında işlәnir. Termin hind-Avropa dillәrindәki söz kökü “wid”lә (lat. video, rusca “videt” sözlәrini müqayisә et) bağlı olan “ίδείν” feilindәn yaranmış vә fәlsәfi termin olmazdan öncә “görünәn obraz”, “görünüş”, hәmçinin “özünәmәxsusluq” mәnalarını daşımışdır. Semantikasına görә eyniköklü termin olan eydosa yaxındır.
Antik fәlsәfәdә İ., bir qayda olaraq, şeylәrin obyektiv forması olduğu halda, yeni Avropa epistemologiyasında şeylәr haqqında subyektiv tәsәvvür, yaxud onların mental obrazıdır. Yunan fәlsәfәsinә “İ.” terminini Demokrit gәtirmişdir; onun atomist fizikasında atomun әsas mәnalarından biri “bölünmәz ideya”, yәni “forma”dır. “İ.” termini Platonun metafizikasında fundamental әhәmiyyәt kәsb etdi: İ., yaxud eydos ağlın dәrk etdiyi alәmdә mövcud olan vә maddi alәmdә eyni adla çoxsaylı inikaslar doğuran sәbәb sәciyyәli qeyrimaddi, әbәdi vә dәyişmәz proobrazların әsas adlarından biridir. Platona görә, bütün ayrıca götürülmüş pişiklәr vahid әbәdi pişik İ.-sının (tipinin), bütün insanlar isә vahid insan İ.-sının müvәqqәti surәtlәridir. İ. Platonda yalnız şeylәri doğuran sәbәb deyil, hәm dә onların dәrkindә epistemoloji başlanğıcdır, çünki ağıl ayrı-ayrı vә dәyişәn şeylәri deyil (onlar haqqında yalnız subyektiv fikrә malik olmaq mümkündür), yalnız ümumi vә dәyişmәz olanları dәrk edә bilәr (bunun nәticәsi obyektiv bilik, epistemedir). Aristotel әqli vә hissi qavranılan alәmlәr haqqında Platon dualizmini vә ayrı-ayrı maddi şeylәrdәn fәrqli olan qeyrimaddi ümumi “formalar”ın mövcudluğunu inkar etsә dә, formanın (İ.-nın) materiya üzәrindә ontoloji vә epistemoloji üstünlüyünü tәsdiqlәyirdi. Aristotel metafizikasında İ. (vә ya eydos, yaxud morfe) şeylәrin immanent formasına çevrilir (“dörd sәbәb” dәn biri) vә mahiyyәt zәmini kimi “materiya”ya qarşı qoyulur: mәhz İ., yaxud forma şeyi olduğu şeyә çevirir vә onu dәrkedilәn edir. Platonda olduğu kimi, Aristoteldә dә İ. obyektiv kateqoriyadır; yalnız ellinizm dövründә stoiklәr İ.-nı “canımızda olan anlayış” kimi izah etdilәr. Orta platonizm nümayәndәlәri İ.-ları “Allahın fikirlәri” (Askalonlu Antiox, Albin), yaradılmış maddi şeylәrin İlahi şüurda (loqosda) saxlanılan әbәdi nümunәlәri (Filon İsgәndәriyyәli) adlandırırdılar. Plotin fәlsәfәsindә İ.-ların mәcmusu varlıq iyerarxiyasında ali pillәni – fövqәlvarlıq Tәkdәn yaranan Ağıl-Nus sferasını yaradır. Avqustin antik fәlsәfәnin İ. haqqındakı tәsәvvürlәrini xristianlıqdakı üç üqnumlu Allah konsepsiyası ilә birlәşdirir, İ.-ların mәskәnini Allahın ikinci üqnumu vә Sözü olan İsa Mәsihlә әla qәlәndirir.
Platonun İ.-lar nәzәriyyәsi ilә Aristotelin polemikası Bizans vә orta әsrlәr Qәrb fәlsәfәsindә universalilәrin (ümumi anlayışların) tәbiәti haqqında mübahisәlәrә hәll edici tәsir göstәrdi (bax Sxolastika). Platonun realizm (universalilәrin, yaxud İ.-ların reallığının tәsdiqi) – “universalia anterem” (“şeylәrә qәdәrki ümumi”) mövqeyi ilә ona әks olan nominalizm (universalilәrin “boş ad”a müncәr edilmәsi) – “universalia postrem” (“şeylәrdәn sonra ümumi”) mövqeyi arasında formaların immanent reallığı (“universalia in re” – “şeylәr daxilindә ümumi”) haqqında Aristotel mövqeyi dururdu.
“İ.” anlayışı yeni Avropa fәlsәfәsindә rasionalizm vә empirizm әnәnәlәri baxımından fәrqli başa düşülürdü. “Bәşәri ağlın bütlәri”ni “ilahi şüurun ideyaları”ndan ayıran F.Bekon üçün İ. insana deyil, әsasәn, Allaha aiddir. R.Dekart, B.Spinoza vә Q.V.Leybnits Platonun fitri ideyalar tәlimini qәbul edirdilәr. Dekart aydınlığı vә dәqiqliyi әsl İ.-nın mühüm әlamәtlәri sayırdı; İ.-nın dәrki intellektual intuisiya sayәsindә hәyata keçir. C.Lokka görә, “ideya” insan tәfәkkürünün obyekti olan hәr şeyi, o cümlәdәn “fantom”, “anlayış”, “növ” vә s. bildirir. O, İ.-ların fitriliyini inkar edәrәk, insan canının ağ lövhә (tabula rasa) olması obrazından çıxış edir vә hissiyyat, refleksiya vasitәsilә әldә edilәn sadә İ.-ları bütün biliyin materialı kimi götürürdü. Leybnits bizim “tәsәvvür etdiyimiz, yaxud yaratdığımız” anlayışlardan fәrqli olaraq, İ.-ları “bizim tәsәvvür edib etmәmәyimizdәn asılı olmayaraq, canımızda mövcud olan” ifadәlәr adlandırırdı. C.Berkli hesab edirdi ki, İ. yalnız onu qәbul edәn ruhda mövcud ola bilәr. D.Yum tәәssüratları vә onların әsasın da yaranan İ.-ları fәrqlәndirirdi. 18 әsrin 2-ci yarısı B.Britaniya fәlsәfәsinin nümayәndәsi T. Rid “ideal sistemlәr”ә, yaxud “ideyalar nәzәriyyәsi”nә Lokkun, Berklinin vә Yumun fәlsәfәsini aid edirdi. Fransada A.L.K.Destüt de Trasi öz sәlәfi E.B. de Kondilyakın tәsirilә şüur faktları qismindә İ.-ları öyrәnәn elm konsepsiyasını irәli sürmüş vә onu “ideologiya” adlandırmışdır.
İstәnilәn tәsәvvürü İ. adlandırmağı qeyri-mümkün sayan İ.Kant, İ.-ları şeylәrin proobrazı kimi görәn Platonun izahına tәrәfdar çıxırdı. Empirik vә “xalis düşüncә” anlayışlarından fәrqli olaraq, “mümkün tәcrübәnin hüdudlarından kәnara çıxan” anlayış “ideya, yaxud ağıl anlayışıdır”. Bu sahәdә Kantın yeniliyi üç transsendental İ. – can, alәm vә Allah haqqında tәlimlә bağlıdır. G.V.F.Hegelә görә dә İ.-nın sferası ağıldır, lakin Kantdan fәrqli olaraq, Hegeldә İ. “gerçәkliyin” ali, “sonsuzluğun” hәqiqi, ağılla dәrk olunan formasıdır. İ.-nın konstitutiv mәntiqi anlamında dialektika ağlın özünümüәyyәnlәşdirmәsi, fәlsәfәnin yeganә predmeti olan “mütlәq ideya”nın aşkarlanması prosesidir. A.Şopenhauer dә Kantla polemikada İ.-nın Platondan gәlәn izahına qayıdılmasına israr edir, ideyaları “iradә obyektivasiyası”nın pillәlәri kimi nәzәrdәn keçirirdi. E.Husserl özünün fenomenologiya konsepsiyasında İ.-nın Kanta mәxsus izahından çıxış edirdi.










