İDİŞ – yәhudi dili (yәhudi-alman jarqonu), yәhudi aşkenazların dili. German dillәrinә aiddir. Ənәnәvi yәhudi cәmiyyәtindә qәdim yәhudi dili ilә diqlossiya şәraitindә işlәnmişdir. 19 әsrin sonu–20 әsrdә Avropanın yәhudi icmalarında (q.-dә Niderlanddan ş.-dә Ukraynayadәk) әsas ünsiyyәt vasitәsi olmuşdur (Cәnubi Avropa istisnadır). 2 dialekt qrupu var idi – q. vә ş. (müvafiq olaraq Qәrbi vә Şәrqi Avropada). Aşkenazların yaşadıqları ölkәnin dilindәn istifadә etmәlәri ilә әlaqәdar 19 әsrdә q. dialektlәri yox olmuşdur (20 әsrin sonlarınadәk mövcud olmuş Elzas dialekti istisnadır). İ.-in әsas arealı Şәrqi Avropa (müasir Polşa, Belarus, Ukrayna, Litva, Rumıniya,
Moldova, Slovakiya, Latviya әrazilәri) sayılır. Burada bir-birindәn ilk növbәdә fonetik, qismәn leksik vә qrammatik cәhәtdәn fәrqlәnәn 3 dialekt qeydә alınmışdır. Bu fәrqlәr hәmin dialektlәrin daşıyıcılarının bir-birlәrini başa düşmәlәrinә mane olmamışdır.
19 әsrin sonu – 20 әsrin әvvәllәrindәki yәhudi mühacirәti İ.-in әnәnәvi arealı xaricindә daha geniş әrazilәrdә (ABŞ, Kanada, Argentina, Avstraliya, CAR vә s.) yayılmasına gәtirib çıxarmışdır. 20 әsrin әvvәllәrindә İ. dilindә 10 mln.-dan çox adam danışırdı. 20 әsrin 1-ci yarısında o, mәktәb tәdrisi, radioveriliş vә kinematoqrafiya dili kimi geniş istifadә edilmişdir. İ. SSRİ-dә bir sıra yәhudi muxtar әrazilәrindә rәsmi dil funksiyasını yerinә yetirmişdir. İkinci dünya müharibәsi zamanı Avropa yәhudilәrinin genosidi vә sürәtli dil assimilyasiyası İ. dili daşıyıcılarının sayının kәskin azalmasına gәtirib çıxarmışdır; 21 әsrin әvvәllәrindә onların sayı 2–3 mln. nәfәr olmuşdur. İ. ifrat ortodoksal yәhudi icmalarının әsas dilidir (ilk növbәdә ABŞ vә İsraildә). Onlardan kәnarda bu dilin daşıyıcıları, әsasәn, yaşlı nәslin nümayәndәlәridir. ABŞ-da icmalar xaricindә İ.-i canlı dil kimi saxlamaq mәqsәdi daşıyan “Yuqntruf” (“Gәnclәrin çağırışı”) hәrәkatı fәaliyyәt göstәrir.
İ. dilinin müasir әdәbi norması 19 әsrin sonlarında ş. dialektlәri әsasında yaranmışdır. Fonetikasında Litva dialektinә, sintaksis vә qrammatikasında isә Ukrayna dialektinә oxşarlıq özünü göstәrir. İ. zәngin bәdii әdәbiyyatın inkişafı üçün baza rolunu oynamışdır. İ.L.Peres, Şolom-Aleyxem, İ.B.Zinger әsәrlәrini bu dildә yazmışlar. Kvadrat yәhudi әlifbası әsasında yazısı orta әsrlәrdә yaradılmışdır.
21 әsrin әvvәllәrindә İ. dili ABŞ, Kanada, Avropa, Yaponiya, Rusiya vә b. ölkәlәrin bir çox un-tindә, İsrail mәktәblәrindә, Latın Amerikası, Avstraliya, ABŞ vә RF-nin Yәhudi Muxtar Vilayәtinin ayrı-ayrı yәhudi mәktәblәrindә tәdris olunur. Dövri mәtbuat (o cümlәdәn elektron), teatr, elmi nәşrlәr dili kimi istifadә edilir, İsraildә İ. dilindә yazan yazıçı vә jurnalistlәrin birliyi var, mәhdud miqyasda radioverilişlәr aparılır, stasionar teatr fәaliyyәt göstәrir. İ. dilinin, dil mәdәniyyәtinin mühafizәsi üçün İsraildә Dil işlәri üzrә dövlәt idarәsi yaradılmışdır.
Əd.: Языки народов СССР. Т. 1, М., 1966; Ч е р н и н В., Х а к и н а Е. Идиш язык // Языки мира: Германские языки. Кельтские языки. М., 2000.










