İDO – mәnşәcә esperantonun dәyişdirilmiş forması olan beynәlxalq süni dillәrdәn biri. 1907 ildә alimlәr qrupu [L.Kutüra, L.Lo (hәr ikisi Fransa), O.Yespersen, V.Ostvald vә b.] tәrәfindәn L. de Bofronun (Fransa) ilkin layihәsi әsasında yaradılmışdır; dilin adı de Bofronun tәxәllüsü ilә (İdo esperanto dilindә xәlәf demәkdir) bağlıdır. İ. leksikasının roman dillәrinә daha çox oxşarlığı vә sözdüzәltmәdә xüsusi “mәntiqi” qaydalarına görә esperantodan fәrqlәnir. Tәsirlik hal fakültativdir, sifәt isimlә uzlaşmır. Qrafikası sәtirüstü diakritik işarәlәrsiz latın әlifbasına әsaslanır.
İ. layihәsinin dәrc edilmәsi esperanto hәrәkatı nümayәndәlәrindә fikir ayrılığı yaratdı. 1909 ildә İ. tәrәfdarlarının beynәlxalq birliyi (Uniono por la Linguo Internaciona Ido – ULI) vә bu dilin akademiyası tәsis edildi. 1920-ci illәrin 1-ci yarısı İ. hәrәkatının yüksәlişi vә onun sosial dәyişikliyi dövrüdür. 1921 ildәn müntәzәm şәkildә idoçuların beynәlxalq konfransları tәşkil edilir. Sonralar İ. hәrәkatında yeni islahatlara cәhdlәr çoxalmağa başladı; onların tәtbiqi dilin sabitliyini zәiflәtdi vә ardıcıllarının sayını kәskin şәkildә azaltdı.
İkinci dünya müharibәsi dövründә idoçular hәrәkatı dayandırıldı, lakin 1950-ci illәrin әvvәllәrindәn qismәn yenidәn canlandı. Hazırda B. Britaniya, İspaniya, İtaliya, Niderland, Portuqaliya, Rusiya, ABŞ, Fransa, AFR, İsveçrә, İsveç vә bir sıra digәr ölkәlәrdә kiçik qruplarla tәmsil olunur. İ. dilindә bәdii (orijinal vә tәrcümә) vә elmin müxtәlif sahәlәrinә aid ayrı-ayrı әsәrlәr mövcuddur. Bu dildә jurnallar (ilk nәşr olunan “Progreso”, 1908 ildәn) çap olunur, İnternet saytları fәaliyyәt göstәrir. İ.-ya xeyli sayda elmi әdәbiyyat hәsr olunmuş, onun leksikoqrafiyası әsaslı şәkildә işlәnilmişdir. İ.-nun nәzәri prinsiplәri, xüsusilә onun mәntiqi әsasları Rene de Sössür (İs veçrә) vә b.-nın әsәrlәrindә tәnqid edilmişdir.










