İDÓMA DİLİ – idomaların dili. Nigeriyanın c.-ş.-indә (Benue ştatı) yayılmışdır. Bu dildә danışanların ümumi sayı tәqr. 850 min nәfәrdir (21 әsrin әvvәllәri).
İ. benue-konqo dillәrinә aiddir (idoma dillәri qolu). Dialektlәrinin müxtәlif tәsnifatı mövcuddur. Ənәnәvi olaraq mәrkәzi, qәrb vә cәnub qruplarına bölünür. Bәzәn şimal, aqala, yala dialektlәri dә fәrqlәndirilir. Aqala vә yala dialektlәrini ayrıca dildә hesab edirlәr.
İ.-nın fonoloji sistemi Qәrbi Afrika arealı üçün sәciyyәvidir. Vokalizmi 9 üzvlüdür. Konsonantizmi dodaq, dilönü, damaq, damaq arxası, dodaqlanan sәslәri özün dә birlәşdirir. Kar vә cingiltili samitlәr fәrqlәndirilir. Heca quruluşunda vә fonemlәrin ahәngindә olduqca kәskin mәhdudiyyәtlәr var.
Morfoloji quruluşu analitik, aqlütinasiya elementlәri ilә tәcrid edәndir. Modal vә növ mәnaları kömәkçi sözlәrlә ifadә olunur. Bir sıra feil quruluşları mövcuddur. İdeofonlar var.
Cümlәdә söz sırası “subyekt+predikat+obyekt”, ad qrupunda “әsas söz+tabe söz” şәklindәdir. Vasitәsiz vә vasitәli nitqi bildirәn bağlayıcılar fәrqlәndirilir.
Ədәbi dil mәrkәzi dialektlәrә (әsasәn, Oturkpo ş.-nin) әsaslanır. Digәr dialektlәrdә dә әdәbiyyat (ilk növbәdә Bibliya mәtnlәrinin tәrcümәlәri) mövcuddur. İ. dilindә radio vә televiziya verilişlәri aparılır. Hәmçinin ondan yerli sәviyyәdә inzibati sferada, tәhsildә istifadә olunur (ibtidai vә orta mәktәblәrdә tәdris edilir, fәnn kimi öyrәnilir). 1940–60-cı illәrdә “Onyata” adlı aylıq qәzet buraxılmışdır. Yazısı 20 әsrin әvvәllәrindә latın qrafikası әsasında yaradılmışdır.










