İDRİSİLƏR – 789–985 illәrdә Fәsdә (indiki Mәrakeş) hakimiyyәtdә olmuş әrәb sülalәsi. Sülalәnin banisi Hәsәn әl-Müctәbanın nәslindәn olan, sonralar nәsli Fәs şәriflәrinin bir qolunu tәşkil edәn İdris ibn Abdullah (I İdris) idi. I İdris Fәx vuruşmasından (786) sonra Abbasilәrin tәqibindәn qaçaraq Tәncәyә getdi. 789 ildә Vәlilada (Volubilis) dini vә siyasi rәhbәr kimi ona beyәt edilmәklә İdrisilәr dövlәtinin әsası qoyuldu. Oğlu II İdrisin [791–828] dövründә Fәs paytaxt seçildi, mәrkәzi hakimiyyәt güclәndirildi, İ. dövlәtinin sәrhәdlәri ş.-dә Şәlif çayı (indiki Əlcәzair), c.-da Sus vadisinәdәk genişlәndirildi. Onun ölümündәn sonra zәiflәyәn mәrkәzi hakimiyyәt I Yәhyanın [849–863] dövründә yenidәn möhkәmlәndi vә Fәs ş. inkişaf etdirildi. I Yәhyadan sonra yenidәn başlanan çәkişmәlәrә IV Yәhya [904–921] son qoydu. IV Yәhyanın hakimiyyәti illәrindә İ. dövlәti әrazi cәhәtdәn genişlәndi, sarayda alim vә şairlәrә qayğı artdı. IV Yәhyanın hakimiyyәtinin sonuna doğru dövlәt bir tәrәfdәn Fatimilәr xilafәtinin, digәr tәrәfdәn Əndәlis Əmәvilәrinin tәzyiqlәrinә mәruz qaldı. Fatimilәrә mәğlub olan IV Yәhya onların vassalına çevrildi. Fatimilәr 922 ildә Fәsi tutsalar da, 3 ay sonra İ.-dәn Hәccam lәqәbli Hәsәn ibn Mәhәmmәd şәhәri geri alaraq taxta çıxdı [922–927]. 925 ildә Fәs vә digәr şәhәrlәr yenidәn Fatimilәrin әlinә keçdikdәn sonra İ. Mәğribin şm.-ında Rif dağlarındakı Hәcәrrünnәsr qalasına sığındılar (929). Bundan sonra İ. gah Fatimilәrdәn, gah da Əndәlis Əmәvilәrindәn asılılığı qәbul edәrәk qismәn mövcudluqlarını saxladılar. 985 ildә sonuncu İdrisi hökmdarı II Hәsәnin Əndәlis Əmәvilәri tәrәfindәn öldürülmәsi ilә İ.-in hakimiyyәtinә son qoyuldu. Ömәr ibn İdrisin nәslinә mәnsub Əli ibn Hәmmud Hәmmudilәr sülalәsinin banisi oldu.
İ. Afrikanın şm.-q.-indә islam dini vә mәdәniyyәtinin yayılmasında böyük rol oynadılar. Yeni şәhәrlәr (o cümlәdәn Əsilә) salındı. Fәs regionun elm vә mәdәniyyәt mәrkәzinә çevrildi. 20-dәn çox şәhәrdә sikkә zәrb olunur, ticarәt vә әkinçilik inkişaf edirdi. Dünyanın әn qәdim tәhsil ocaqlarından olan Əl-Qaraviyyin universitetinin әsası İ. dövründә qoyuldu (859).










