İDRİYA (Idrija) CİVƏ YATAĞI – Sloveniyada, dünyada әn iri civә yataqlarından biri. 15 әsrdәn mәlumdur, o vaxtdan da istismar olunur. 19 әsrin ortalarından hasilat yeraltı üsulla aparılır. Filizin keyfiyyәti aşağı düşdüyündәn (Hg-un filizdәki miqdarı 1%-dәn 0,3–0,2%-әdәk enmişdir), mәdәn 1978 ildәn konservasiyaya qoyulmuşdur. Qalıq ehtiyat 18 min t-dur; әlavә kәşfiyyat işlәri aparılır. Yataq tektonik planda Alp-Himalay qırışıqlıq qurşağında bazalt vulkanizmi ilә әlaqәdardır. Nisbәtәn zәngin filizlәr Trias әhәngdaşının onların üzәrinә gәlmiş şistlәrlә tәmasındadır. Əsas filiz mineralları kinovar vә sәrbәst civәdir. Sonuncunun filizdәki miqdarı 5–20% tәşkil edir. İstismar müddәtindә yataqdan 200 min t-dan çox metal әldә edilmişdir.










