İFADƏ, hüquqda – sübutların bir növü; işә baxılması vә düzgün hәlli üçün әhәmiyyәti olan halları müәyyәn edәn faktiki hadisәlәr haqqında şәxsin verdiyi mәlumat. İ.-si sübut kimi istifadә oluna bilәn şәxslәrin dairәsi, İ. vermәklә әlaqәdar onların hüquq vә vәzifәlәri vә s. mәsәlәlәr prosessual qanunvericiklә tәnzimlәnir. Cinayәt prosesindә şübhәli şәxs vә müttәhim, zәrәrçәkmiş şәxs, şahid vә ekspert, mülki prosesdә isә şahid İ.-lәrindәn sübut kimi istifadә olunur. Müttәhimdәn vә işdә iştirak edәn digәr şәxslәrdәn zorakı üsullarla, hәdәlәmәklә, şantajla vә digәr qanunsuz hәrәkәtlәr tәtbiq etmәklә İ. almaq qadağandır. İ. vermәyә mәcbur etmәyә, hәmçinin İ. vermәkdәn boyun qaçırmağa görә cinayәt mәsuliyyәti müәyyәn edilmişdir. Qanunvericilikdә müstәntiq vә mәhkәmә tәrәfindәn çağırılmış şәxsin çağırışa gәlmәk vә düzgün İ. vermәk vәzifәsi müәyyәnlәşdirilmişdir. Bilә-bilә yalan İ. vermә әdalәt mühakimәsinә qarşı cinayәtdir. Şәxs özünә, arvadına (әrinә), övladlarına, valideynlәrinә vә qanunvericiliklә dairәsi müәyyәn edilmiş digәr yaxın qohumlarına qarşı ifadә vermәyә mәcbur edilәrәk bilә-bilә yalan ifadә verdikdә cinayәt mәsuliyyәtinә cәlb oluna bilmәz. Şahid, zәrәrçәkmiş şәxs, ekspert, mütәxәssis tәhqiqatın, ibtidai istintaqın gedişindә, yaxud mәhkәmә baxışında mәhkәmә hökmü, yaxud qәrarı çıxarılanadәk verdiklәri İ.-lәrin, rәylәrin vә ya etdiklәri tәrcümәnin yalan olduğunu könüllü olaraq bildirdikdә cinayәt mәsuliyyәtindәn azad olunurlar.










