İFRAZAT SİSTEMİ, e k s k r e t o r s i s t e m – maddәlәr mübadilәsinin son mәhsullarının, yad vә zәhәrli birlәşmәlәrin, üzvi vә qeyri-üzvi birlәşmәlәrin artığının heyvan vә insan orqanizmindәn çıxarılmasını tәmin edәn orqanlar mәcmusu.
İbtidailәrdә suda hәllolan ekskretlәr diffuziya yolu ilә bәdәn sәthi, yaxud yığılıbaçılan qovuqcuq vasitәsilә xaric olur; şirin su ibtidailәrindә suyun vakuollarla çıxarılması osmotәnzimlәmәni tәmin edir. İbtidai su çoxhüceyrәlilәrindә (süngәrlәr, bağırsaqboşluqlular) vә az fәal dәniz heyvanlarında (dәrisitikanlılarda) mübadilә mәhsulları (әsasәn ammonyak) bәdәn örtüyü vasitәsilә әtraf mühitә diffuziya olunur. İnkişaf xüsusiyyәtlәrindәn asılı olaraq, bir sıra onurğasızlarda adәtәn, iki tip ifrazat orqanı ayırd edilir: bәdәnin içinә bitişmiş ektodermal mәnşәli borucuqlar sistemi ilә tәmsil olunan nefridilәr vә mezodermadan inkişaf edәn vә daxili orqanları bәdәn sәthi ilә әlaqәlәndirәn axacaqlar – selomo duktlar. İbtidai qurdlar (o cümlәdәn kinorinx, rotatori, tikanbaşlılarda), priapulidlәr, bәzi hәlqәvi qurdlar, polixet vә molyusk sürfәlәrindә İ.s. protonefridilәrdәn (hәrәkәtlәri ilә mayenin sirkulyasiyasını tәmin edәn ucunda uzun kirpikciklәr dәstәsi olan hüceyrәlәrin yerlәşdiyi borucuqlar sistemi ilә) ibarәtdir. Hәlqәvi qurdların әksәriyyәtinin ifrazatında bir ucu bәdәn boşluğuna, digәr ucu (ifrazat dәliyi) xaricә açılan boruşәkilli kanal olan metanefridilәr iştirak edir. Onixoforlarda, molyusklarda vә müxtәlif buğumayaqlılarda yalnız selomoduktlara rast gәlmәk olur. Molyusklarda bunlar ürәk qulaqcıqları boşluğuna (digәr ucu mantiya boşluğuna yönәlmişdir), xәrçәngkimilәrdә antenaların (antenal vәzilәr) dibinә, yaxud ikincili maksillәrin (maksillyar vәzilәr) dibinә, qılıncquyruqlarda vә bәzi hörümçәk kimilәrdә әtrafların dibinә (koksal vәzilәr) açılır.
Quruda yaşamaq suya qәnaәt tәlәb edir. Maddәlәr mübadilәsinin son mәhsullarının xarakteri vә İ.s.-nin strukturu dәyişir: asan-hәllolan ammonyak vә sidik cövhәri çәtin hәllolan quaninlә (hörümçәkkimilәrdә), yaxud sidik turşusu ilә (çoxayaqlılarda, cücülәr dә, sürünәnlәrdә vә quşlarda) әvәz olunur. Quruda yaşayan buğumayaqlılarda әsas ifrazat funksiyalarının bağırsaq divarlarına (yalançı әqrәblәr), yaxud çox vaxt orta vә arxa bağırsaq sәrhәdindә bağırsağın kor çıxıntısına – Malpigi borularına tәrәf keçid sәciyyәvidir. Su çatışmazlığı şәraitindә sonuncuların üstünlüyü ondadır ki, asan çökәn mübadilә mәhsulları (o cümlәdәn sidik turşusu) arxa bağırsağa daşınır. Burada suyun geriyә absorbiyası baş verir, susuzlaşmış ekskretlәr qidanın hәzm olunmamış qalıqları ilә birlikdә xaric edilir. Quruda yaşayan onurğalıların ikinci dәfә su hәyatına keçmәsi (mәs., cücü sürfәlәrinin) azot mübadilәsinin son mәhsullarının (sidik cövhәri әvәzinә ammonyak) dәyişmәsinә vә ifrazat orqanlarının (Malpigi boruları vә bağırsaqlar) osmotәnzimlәyici funksiyasının artmasına sәbәb olmuşdur.
Mübadilәnin çәtinhәllolan mәhsullarının ifrazının özünәmәxsus forması nematodlarda “yığıntı böyrәklәri” adlanan xüsusi quruluşda, soxulcanlarda xloraqogen hüceyrәlәrdә, hörümçәklәrdә aralıq toxumada, cücülәrdә vә çoxayaqlılarda piycismindә, mәryәmqurduların ciyәr çıxıntılarında vә s.-dә onların toplanmasıdır. Xordalılarda (qişalılar, assidilәr) ifrazat orqanları yığıntı kisәlәridir. Neştәrçәnin qәlsәmә nahiyәsindә bir ucu ilә bәdәn boşluğuna, o biri ucu ilә qәlsәmәәtrafı boşluğa açılan bir dәliklә әlaqәdar tәqr. 100 cüt nefromiksi vardır.
Onurğalılarda ifrazat orqanları selomoduktların yığılmasından әmәlә gәlәn böyrәklәrdir; bilavasitә kloakaya, yaxud sidik kisәsinә birlәşәn, sidik kanalı ilә xaricә açılan sidik axarları ayrılır. Onurğalıların tәkamülündә vә ali onurğalıların ontogenezindә böyrәklәrin ardıcıl növbәlәşmәsi müşahidә olunur: orta (baş) böyrәklәr (pronefros), ilkin gövdә böyrәklәri (mezonefros) vә ikincili çanaq böyrәklәri (mezanefros). Bәzi onurğalıların dәniz hәyatına uyğunlaşması duzların ekskresiyası üçün yeni ifrazat orqanlarının inkişafı ilә müşayiәt olunur (mәs., yastıqәlsәmәli balıqlarda rektal vәzilәr, sürünәnlәrdә vә quşlarda duz vәzilәri). Sәhrada yaşayan mәmәlilәrdә böyrәyin, sidiyin osmotik konsentrasiyasına qabiliyyәti yüksәkdir. İfrazat orqanlarının funksiyası sinir vә endokrin sistemlәrinin, autpkoidlәrin iştirakı ilә tәnzimlәnir; İ.s. homeostazın saxlanmasında iştirak edir. İfrazat funksiyasını, hәmçinin ağ ciyәrlәr, qara ciyәr, bağırsaq, dәri, duz vә tәrvәzilәri dә yerinә yetirir. Bax İfrazat, Tәnәffüs orqanları.










