İFUQAOLAR (özlәrini ifugaw/ipugo –“yerdә/dağlarda yaşayanlar” adlandırırlar) – Filippindә, Luson a.-nın şm.-ında yaşayan dağlı xalqlarından biri. Tuvali (hәrfi mәnada hәqiqi, әsl) vә ya kianqan (34 min nәfәr; 2007); batad vә ya ayanqan (65 min nәfәr); mayaoyao (47 min nәfәr); amqanad (tәqr. 30 min nәfәr); kallaxan (tәqr. 30 min nәfәr) qruplarına bölünürlәr. Tuvali dialekti vә mәdәniyyәti etalon hesab olunur. Mәrkәzi Kordilyer qrupunun ifuqao, kallaxanlar Filippin dillәrinin Şimali Luson qolunun Cәnubi Kordilyer qrupuna mәnsub dildә danışırlar.

İfuqaoların düyü qoruyan ilahisi (bulul). 15 әsr. Luvr muzeyi.
Yazı sistemlәri latın qrafikası әsasındadır; mәktәb tәdrisi tuvali dilindә, radio verilişlәri amqanad dilindә aparılır. Əksәriyyәt hәmçinin ilokan, böyüklәr ingilis dilindә danışırlar, 21 әsrin әvvәlindәn taqal dili yayılmışdır (onu mәktәbdә tәdris edirlәr). Əsasәn, әnәnәvi inanclarını saxlayırlar, az sayda xristianlar var.
18 әsrin ortalarından ispanlarla tәmasda olmuşlar. Əhalinin xristianlaşdırılması vә düzәnliyә köçürülmәsi cәhdlәri İ.-ın müqavimәti ilә üzlәşmişdi. 20 әsrin әvvәllәrindә amerikalılarla әmәkdaşlıq etmiş, F.Markosun diktaturası dövründә maoçu üsyançıları (xukları) dәstәklәmişdilәr.

Çәltik sahәlәri. Banaue bәlәdiyyәsi. İfuqao әyalәti.
Əsas mәşğuliyyәtlәri suvarma çәltikçilikdir (Silipan r-nunda quru dәrәlәrdә becәrilir); hәmçinin taro, banan, 17–18 әsrlәrdәn kamote (şirin kartof), çayot, maniok, qәhvә, tütün, ananas, 20 әsrdәn satış üçün paxlalı bitkilәr, kәlәm yetişdirilir. İ. qәdim terraslı әkinçilik sisteminin, çәltik sahәlәrinin suvarılması vә drenajının yaradıcıları kimi mәşhurdurlar: Benaue çәltik terrasları Ümumdünya irsi siyahısna daxil edilmişdir. Donuz, toyuq, çәltik sahәlәrindә balıq yetişdirirlәr; düzәn әrazilәrdәn qurbanlıq camışlar alırlar. 20 әsrә qәdәr vәhşi donuz, maral, sivet, torlarla yarasa, tәlәlәrlә quş ovu geniş yayılmışdı. Əsas qidaları düyü, kamote, qızardılmış zoğlardır; zülallı qidanın 80%-ini yemәli ilbizlәr tәşkil edir; hәmçinin çәyirtkә, termit vә s. yeyirdilәr. Ağac üzәrindә oyma, bambuk vә rotanqdan hörmә inkişaf etmişdir, dәmirçilik sәnәti (kişilәrdә), kürәk dәzgahında pambıqdan toxuculuq (qadınlarda; ikat texnikası, tikmә yayılmışdır) saxlanılmışdır; dulusçuluq sıradan çıxmışdır. Ənәnәvi cәmiyyәt tәsnifatı dәrәcәlidir: ali dәrәcә (kadanqyanq) irsәn keçmiş var-dövlәt (çәltik sahәlәri, Çin bardaqları, bürünc sinclәr vә әqiqdәn boyunbağılarla hesablanırdı) sahiblәrinә vә şәxsi keyfiyyәtlәr әsasında – hәrbi şücaәt (“düşmәn başlarının ovu”), natiqlik mәharәti, diplomatik qabiliyyәt (münaqişәlәr zamanı vasitәçi funksiyaları) vә uğurluluğa (magiya bacarığı) görә verilirdi. Qadınlar kişilәrdәn asılı olmayaraq yüksәk dәrәcәlәrә yüksәlirdilәr.

İfuqao qadınları әnәnәvi geyimdә. Luson adası.
İcma üzәrindә hakimiyyәt strukturu mövcud deyildi. Sadә icma üzvlәrinin övladları 5–6 yaşlarından gәnclәr üçün evlәrdә gecәlәyirdilәr. Ciddi monoqamiya, nisbәtәn asan boşanma mövcud idi. Qohumluq bilateraldır. İ.-ın dini mәrkәzi Kianqan bәlәdiyyәsidir. İ. yüzlәrlә tanrı sinfi olan mürәkkәb politeizm sisteminin, zәngin mifologiyanın (Nuh tufanı, mәdәni bitkilәrin mәnşәyi, Günәş vә Ayın küsülülüyü vә s. haqqında) vә “Xudxud” adlı nadir qadın qәhrәmanlıq eposunun (qadınlar tәrәfindәn vә qadınlar üçün ifa olunur; 2001 ildә YUNESKO tәrәfindәn bәşәriyyәtin mәdәni irsi elan edilmişdir) yaradıcılarıdırlar. Livlivalar, nәğmәlәr, nağıllar vә s. janrlar mövcuddur. Musiqi alәtlәri yastı bürünc sinclәr, taxtadan düzәldilmiş bilalar, tәbillәr, fleytalar, varqanlar, bambukdan şax-şaxlar, bambuk vә rotanqdan xordofonlardır. Ənәnәvi rәqslәrinin әsası kişilәrin xoruz, qadınların toyuq hәrәkәtlәrini tәqlid etmәsidir. Müasir İ. Syerra-Madredә neqritolara mәxsus olmuş meşәliklәrdә mәskunlaşmışlar, qonşu әyalәtlәrdә çәltik sahәlәri alırlar, Manilada işlәyirlәr, qadınlar qazanc üçün Syanqan, Koreya vә Sinqapura, kişilәr BƏƏ-yә vә Avstraliyaya gedirlәr. Tәhsil sәviyyәlәri yüksәkdir, İ. arasında müәllimlәr, din xadimlәri, tacirlәr, polis işçilәri, ali rütbәli zabitlәr var.










