“İX SÁAZ” (“Böyük qanunlar toplusu”) – 17 әsrә aid monqol-oyrat qanunları mәcәllәsi. 1640 ildә Cunqar xanlığının hökmdarı Erdeni Batır-Xuntaycinin tәşәbbüsü ilә çağırılmış Cunqariya, Xalxa-Monqolustan vә Kalmıkiyanın 44 hakim vә din xadiminin iştirak etdiyi qurultayda qәbul olunmuşdur. Mәcәllәnin ilk maddәlәri mancurlara qarşı ittifaqın yaradılması (az sonra daxili çәkişmәlәr nәticәsindә bu ittifaq dağıldı) haqqında siyasi razılaşma xarkteri daşıyırdı. Qalan maddәlәr adәt hüququ normalarını әks etdirir, silki, dini, mülki vә cinayәt münasibәtlәrini tәnzimlәyirdi. 17 әsrin sonunda Xalxa-Monqolustanın Sin imperiyasının tәrkibinә daxil olmasından vә 18 әsrin ortalarında imperiyanın Cunqariyanı fәth etmәsindәn sonra “İ.s.”-ın bir sıra maddәlәri Sin qanunvericiliyinә daxil edilәrәk imperiya administrasiyası tәrәfindәn monqol torpaqlarının idarәçiliyindә istifadә olunurdu. Mәcәllә Kalmıkiyada bәzi әlavәlәr vә dәyişikliklәrlә 20 әsrin әvvәllәrinәdәk qüvvәdә idi.










