İXETÚAN, İ x e t s ü a n – 1899–1901 illәrdә Şәrqi, Şimali vә Şimal-Şәrqi Çindә kәndli vә şәhәr yoxsullarının xaricilәrin tәzyiqinә qarşı kütlәvi silahlı üsyanı. Üsyanın tәşkilatçısı İxetsüan gizli cәmiyyәti idi; onun üsyançı dәstәlәri ixetuanlar (әdalәt vә barışıq dәstәlәri – üsyanın adı buradan götürülmüşdür) adlanırdı. Cәmiyyәtin adına “süan” (“yumruq”) heroqlifi daxil olduğundan Qәrbdә ona “boksçular üsyanı” deyirdilәr. İ.-ın mәrkәzi 1898–99 illәrdә ağır tәbii fәlakәtlәr yaşayan vә Qәrb ekspansiyasının әsas obyektlәrindәn biri olan Şandun әyalәti vә Çjili paytaxt әyalәti idi. Üsyançılar xaricilәri vә xristianlığı qәbul etmiş çinlilәri öldürür, d.y. vә teleqraf xәtlәrini, sәnaye avadanlıqlarını, mağaza vә bankları dağıdırdılar. Hakim mancur Sin sülalәsinin qoşunları üsyançıların qarşısını ala bilmәdi, buna sәbәb hökumәtin qeyriardıcıl vә bir-birinә zidd әmrlәri oldu; rәhbәrlik üzvlәri arasında xaricilәri Çindәn qovmaq üçün ixetuanlardan istifadә etmәk ideyasının tәrәfdarları var idi. Hakimiyyәt orqanları üsyançıların liderlәri Li Layçjun, Çjan Deçen vә b. ilә danışıqlara başladı. 1900 il iyunun 13–14-dә ixetuanlar hökumәt qoşunlarının dәstәyi ilә Pekinә daxil oldular vә sәfirlik mәhәllәsinin mühasirәsi zaman Almaniya sәfiri K. fon Ketteler qәtlә yetirildi. 1900 il iyunun 10-da Tanquda vitse-admiral E.Seymurun komandanlığı altında tәşkil edilmiş 2 min nәfәrlik birlәşmiş ingilis-amerikan dәstәsi Pekinә daxil olmağa cәhd göstәrsә dә, geri çәkilmәyә mәcbur oldu. 1900 il iyunun 17-dә amerikan vә rus hissәlәri Taku (Daqu) istehkamlarını tutdu. İyunun 21-dә Sin hakimiyyәti Yaponiya, Rusiya, B.Britaniya, Fransa, ABŞ, Almaniya, İtaliya vә Avstriya-Macarıstana müharibә elan etdi. İyulun 14-dә Rusiya, B.Britaniya, Fransa, ABŞ vә Yaponiyanın ekspedisiya qoşunları gen.-feldmarşal A. fon Valderzeyenin komandanlığı altında 8 dövlәtin (Yaponiya, Rusiya, B.Britaniya, Fransa, ABŞ, Almaniya, İtaliya vә Avstriya-Macarıstan) 54 min nәfәrlik birlәşmiş korpusunun formalaşdırıldığı Tyanszini tutdular. Avqustun 4-dә bu korpus zәif silahlanmış hökumәt qoşunlarının (tәqr. 70 min nәfәr) vә ixetuanların (50–100 min nәfәr) müqavimәtini qıraraq Pekin üzәrinә hücuma başladı. Avqustun 14-dә Pekinә daxil olan müttәfiq qoşunları sәfirlik mәhәllәsini mühasirәdәn azad etdi, Sin hökumәti Qәrbi Çinә qaçdı. 1900 ilin ikinci yarısı – 1901 ildә ekspedisiya korpusunun hissәlәri üsyançılara qarşı cәza reydlәri keçirdi; 1900 ilin ikinci yarısında Mәrkәzi vә Cәnubi Çindә başlamış çıxışlar yerli hökumәt orqanları tәrәfindәn yatırıldı. 1901 ildә üsyan, әsasәn, dağıdılmışdı (ixetuanların sonuncu dәstәlәri 1902 ildә mәhv edilmişdi). Çin hakimiyyәti bu ölkәyә ekspedisiya qüvvәlәri göndәrmiş dövlәtlәrlә “Yekun protokolu” (1901) imzaladı. Bu protokol Çinin müstәqilliyini daha da mәhdudlaşdırdı vә onu 450 mln. lyan (1939 ilәdәk faizlәrlә tәqr. 1 mlrd. lyan) mәblәğindә tәzminat ödәmәyә mәcbur etdi.










