İXRACAT (әr. اخراجات– xәrclәr) – orta әsrlәrdә bәzi Yaxın Şәrq ölkәlәrindә, hәmçinin Azәrb.-da mövcud olmuş vergi. Azәrb.-da monqol işğalı dövründәn mәlumdur. Xüsusi divan dәftәrindә qeyd olunan İ. ordunun ehtiyaclarını, vәzifәli şәxslәrin yol xәrcini ödәmәk vә s. üçün toplanılırdı. Sonralar әyanların, mәmurların vә onları müşayiәt edәn şәxslәrin xeyrinә yığılan fövqәladә vergiyә çevrildi. Ağqoyunlu hökmdarı Gödәk Əhmәd xüsusi fәrmanla (1497) İ.-ı lәğv etsә dә, bu vergi onun ölümündәn sonra da toplanılırdı. Sәfәvilәr dövründә “İ.” termini bir neçә vergi vә mükәllәfiyyәt növünü (“İxracat-i divani”, “İxracat-i mәmlәkәt” vә s.) bildirirdi. Belә mükәllәfiyyәtlәrdәn biri dә 18 әsrdә mövcud olan vә şahzadәlәrin xәrclәrini tәmin etmәk üçün rәiyyәtdәn toplanılan “Şahzadә ixracatı” idi.










